6 İyun 2014 09:44
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında iştirak edəcək komandaların qrup mərhələsindəki şanslarının dəyərləndirilməsi barədə yazılarımızın artıq dördüncüsü ilə qarşınızdayıq.

Uruqvay, Kosta-Rika, İngiltərə və İtaliyadan təşkil olunmuş D qrupu çempionatın ən çətin və gərgin qruplarından biridir. Növbəti mərhələyə adlamağa əsas verən ilk iki yer üçün üç komanda iddialıdır. Yeganə Kosta-Rika yığmasını bu yarışdan kənarda hesab eləmək olar. Çünki bu vaxta qədər mundiallarda elə böyük uğur qazana bilməyən mərkəzi amerikalılar çempionatlara adətən "Əsas olan iştirakdır!" devizi ilə qatılırlar. Heyət baxımından da o qədər də diqqət çəkməyən komanda qrupda sonuncu yeri tutmamaq üçün möcüzəyə ümid eləməlidir.

Autsayderi bəlli olan qrupun favoriti isə yoxdur. Həm İtaliya, həm İngiltərə, həm də Uruqvay milli komandaları heyət baxımından da, təcrübə və nüfuz baxımından da bir-biriləri ilə başabaş yarışacaq gücdədirlər.

Cənubi Amerikanı təmsil eləyən Uruqvay yığması bu dəfəki turnirdə qrup mərhələsini adlamağa çox iddialıdır. Əsas oyunçularının əksəriyyəti Avropa ölkələrinin çempionatlarında top qovan "selesta"nın Braziliya birinciliyində oynayan oyunçuları da var.

Xüsusilə, müdafiə və hücum xəttində ulduz və lider oyunçulara sahib olan komanda iki güclü Avropa nəhəngi ilə mübarizədə onlardan ən azı birini qabaqlayaraq qrupdan çıxmaq və azarkeşlərinin etimadını doğrultmaq niyyətindədir.

Muslera, Godin, Luqano, Suares, Kavani və Forlan kimi lider oyunçulara malik komandanı asan aşılan dağ hesab eləmək mümkün deyil.

İtaliya yığması hər zamankı əzəmətindən xeyli uzaq vəziyyətdə olsa da, hər halda təcrübəli oyunçularının hesabına qrup mərhələsini keçə biləcək potensiala sahibdir. Son zamanlar İtaliyada klub futbolunun geriləməsi fonunda milli komandaya da zərər dəymiş kimi görünür.

Bununla belə, baş məşqçi Çezare Prandellinin Braziliyaya aparacağı heyətdə oyunun taleyini təkbaşına həll edə biləcək elə usta oyunçular var ki, italyanları hesabdan silsək, böyük səhv eləmiş olarıq. Qapısı əmin əllərə - Buffona əmanət olan "neradzurra"nın müdafiə xəttində Kyellini, Bonuççi, Abate kimi artıq özünü təsdiqləmiş futbolçular top qovacaqlar.

Ancaq "mavilər"in əsas güclü bəndi "usta ayaq"lı Pirlonun liderlik elədiyi yarımmüdafiə xəttidir. Markizio, Tyaqo Motta, De Rossi, Akvilani kimi oyunçuların da dəstəyi ilə komandanı arxasınca aparan "maestro"dan bu dəfə də azarkeşlər çox şey gözləyirlər.

Hücum xətti isə iki istedadlı, ancaq "ərköyün uşağa" tapşırılacaq. Balotelli və Kassano oppeninlilərin əsas qol ümidləri kimi çıxış eləyəcəklər.

Və nəhayət, İngiltərə yığması haqqında. Xüsusilə istedadlı gənclərlə təcrübəlilərin vəhdətini gözəl şəkildə özündə əks elətdirən britaniyalılar ümumiyyətlə, çempionatın favoriti kimi göstərilirlər. Demək olar ki, bütün mövqelərdə ən az iki oyunçunun rəqabət apardığı heyəti ilə "dumanlı albion"luların qrup səddini rahat adlayacaqlarını proqnozlaşdırmaq olar.

Özəlliklə də yarımmüdafiə xəttində rəqiblərinin heç birindən geri qalmayan britaniyalılar Cerard, Lemparda kimi təcrübəli oyunçularla yanaşı, Uilşer, Henderson, Oksleyd-Çemberleyn və Sterlinq kimi gənclərin sintezindən çox yaxşı heyət formalaşdırıb.

Bu mövsüm Premyer Liqada əla mövsüm keçirən əslən Yamaykalı Rahim Sterlinqin milliləşdirilərək Braziliyaya aparılması İngiltərə yığmasının həm indiki durumu, həm də gələcəyi baxımından olduqca uğurlu addımdır.


Müəllif: Zaur Xudiyev