6 İyun 2014 20:23
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etibar Salmanlı

Neçə gündür Azərbaycanınızın böyük şəhərlərində ardıcıl “Happy”lər çəkilir.

Qısaca bildirim ki, “Happy” tanınmış ifaçı Colin Farelin mahnısıdır. Bütün dünya musiqisevərləri də bu mahnıya özləri kliplər çəkərək ifaçıya dəstəklərini əsirgəmirlər.

Flaşmobun əsas məqsədi insanların xoşbəxt olmasını hər kəsə göstərməsidir.

Oğuz elinin növcavanları da palaza bürünüb dünyaya inteqrasiya olaraq sürünüblər.

Hər halda xalqınızın ataları o vaxt “Qonşudan qalma dala” fikrini də yaddaşlarınıza həkk edib.

Bizdə də iki “Happy” çəkilib. Birini Bakıda çəkiblər, o birini isə Sumqayıtda. Videoçarxda kimi istəsəniz tapa bilərsiniz, Brilyant Dadaşovadan tutmuş, taa Çingiz Abdullayevə qədər.

Videoda olan insanlar o qədər xoşbəxtdirlər ki, adam istəyir qol-qanad açıb bu “Happy”lərə bir əl də özü dəstək versin.

Bakıda, əsasən, gülüş ustaları xalqı xoşbəxt olmağa səsləyiblər, Sumqayıtda isə bu ciddi işi meyxanaçı qardaşlar boyunlarına götürüblər.

Videodakılar xoşbəxtdirlər, buna heç kimin zərrə qədər də olsa, şübhəsi yoxdur. Toya babat qiymətə gedənlər, Respublika Sarayında beş gün, beş gecə konsert verənlər niyə də xoşbəxt olmasınlar ki? Onların nə dərdi var ki?

Bu yaxınlarda hansısa psixoloq hansısa sayta açıqlamasında bildirmişdi ki, ən bədbəxt insanlar “kütlə”nin tanıdığı bu tanınmışlardı. Mən bu psixoloqla heç razı deyiləm. Çünki artıq psixoloqların özləri də toy tamadalarına dönüblər. Sadəcə olaraq, onlar toylarda yox, televiziya ekranlarında tamadalıq edirlər. Ya da ciddi jurnalistlərin ciddi saytlarında psixoloq həftəsi-filan keçirirlər.

Bu “kütlə” əhlinin hər şeyi var. Evləri, maşınları, aylıq babat gəlirləri var. Bu ölkədə yaxşı yaşamaq üçün düşünməmək lazımdır. Düzdür, bunlar düşünürlər, ancaq toylarını, yaslarını, yeni alacaqları maşınları və s.

Psixoloqlar isə tanınmış pasientlərinin tanınmış dərdlərini düşünür.

Bu yerdə də gəl xoşbəxt olma. Bu cür imkanın olsa və xoşbəxt olmasan, sənə çox şey etməzlər. Azadlıq meydanında adamın üzünü dənizə çevirib güllələyərlər. Bunların hər ayın əvvəlində kirayə pulu, kredit borcu yoxdur. Varsa, məni Azadlıq meydanında güllələməyə aparın.

Bunların heç biri yazısını çap etdirmək üçün redaksiya - redaksiya gəzmir. Bunlar heç biri kitablarını çap eləmək üçün nəşriyyat rəhbərlərinə, pullu şəxslərə müraciət etmirlər. (Bu yerdə kitabı yazdırdıqları mahnıyla əvəz edə bilərsiniz.) Və yaxud minbir əzab-əziyyətlə kitab çap edib, yazı yazıb, kitabdan da axırda xeyir götürməyənlərdən də deyillər. Bunları hansısa məclisə aparıb pulunu verməsən, adamın anasından əmdiyi südü burnundan gətirərlər.

Nə isə bu qədər happy adamlardan yazdığım bəsdir. Kaş bütün xalqınız o kliplərdə oynayan insanlar qədər xoşbəxt olsunlar.

Uca Şirvin ölkənizi və sizi qorusun!

Amen!


Müəllif: Etibar Salmanlı