30 Dekabr 2015 14:50
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada, Bakının mərkəzində səsləndi o nağıl - dekabrın ilk günü. Sizə isti-isti o nağıldan söz açmaq istədim o axşam. Gəl ki, hisslərim o qədər təzə, təəssüratım o qədər güclü idi ki, nədən başlayacağıma qərar verə bilmirdim – “Tut ağacı”ndanmı, “Gözlərindən gülənim”dənmi”, “Gecikmiş etiraf”danmı, “Məktəb illəri”ndənmi, “Bakı haqqında nağıl”danmı? Müəllif “Ruhumuz qovuşacaq” demişdi, elə də oldu o gecə. Aygün Səmədzadənin danışdığı musiqili nağıl yeni-köhnə nəğmələrlə ruhumuzu təzələdi.

Heydər Əliyev sarayında baş tutan yaradıcılıq gecəsi adi konsert deyildi, daha böyüyün, daha irinin, daha məsuliyyətlinin baş məşqi idi elə bil. Gözəl mahnılar arası səslənən simfonik musiqi parçaları yazılacaq yeni irihəcmli əsərin hissələri idi – baletmi olacaq, simfoniyamı, bilmirəm, nədirsə möhtəşəmdi. Aygün xanım ehtiyatla həmin bütövün hissə-parçalarını bizə təqdim etdi. Niyə ehtiyatla? Məclis iştirakçıları o gecə bəstəkarın əzbər bildikləri o gözəl lirik mahnılarına köklənmişdilər zatən. Mahnı janrından uzaq, ciddi simfonik musiqi nə cür qarşılanacaqdı? Amma və lakin salona toplaşanlar Aygün Səmədzadə yaradıcılığının, o heç ksə bənzəməyən dəst-xəttin vurğunları. Necə lazım idi, elə də qarşıladılar - gözəl...

***

Ötən il başqa bir qadın da bir nağıl danışmışdı – şər nağılı. Guya dost dediklərimdən biri. Könül bulandırmaq, ara qatmaq, özünə yox yerdən haqq qazandırmaq üçün yalandan üzə durmuşdu, Qurana-kitaba əl basmışdı qırmızı-qırmızı. Həyatda yeganə bir şey var ki, etiraf edim, mən onun qarşısında acizəm – həyasızlıq, dava-dalaş gəlmir əlimdən, sözümü sərt tərzdə deyib çevrilib gedirəm. “Sənin vicdanın yoxdumu?” sualıma “Nə? Vicdan? – demişdi – siz də ailəlikcə söz tapmısınız – vicdan, vicdan. Vicdan nədi?” O qadının şərini-böhtanını da tək bu əsəbi deyimi cavablamışdı. Vicdanı itirəndən nə gözləyəsən?

***

Birinci sinfin birinci rübünün sonunda məktəbdən qayıdan balaca oğlan anasına məktub verir, müəllimin yazdığı məktubu. Ana məktubu oxuyan kimi ağlamağa başlayır. Uşağın çaşqınlığını görüb yanına çağırır, dizinin üstündə oturdub vərəqi ucadan oxuyur: “Xanım, sizin oğlunuz dahidi, yəni çox ağıllıdı. Bizim məktəb isə balacadı. Sizin oğlana dərs verə bilən müəllimlərimiz yoxdu. Uşaqla gərək özünüz məşğul olasınız”. O gündən oğlanın cəmi 3 aylıq məktəb həyatı bitir. Nə öyrənirsə anasından və valideynlərinin tutduğu müəllimlərdən öyrənir. O uşağın adı Tomas Alva Edison idi. Bəli, həmin Edison - dünyanın ən dəyərli ixtiraçılarından biri. Vətəni Amerikada 1093, dünya üzrə 3000 ixtiraya rəsmi patetn almış məşhur insan.

Anası öləndən sonra kağızların arasından köhnə bir məktub tapır Edison - “Xanım, oğlunuzun əqli çatışmazlığı var, uşaq ruhi xəstədir. O, adi uşaqlarla bir məktəbə gələ bilməz. Uşaqla gərək özünüz məşğul olasınız”. İllər əvvəl dünyasını dəyişmiş qadının dünyaca məşhur oğlunu qəhər boğur, yan otağa keçib öz gündəliyinə belə bir qeyd yazır – “Tomas Alva Edison ruhi xəstə olub. Anasının qəhrəmanlığı sayəsində xəstə bir uşaq dövrün ən tanınmış ixtiraçısına çevrilib”.

***

Sizə il boyu bir qadın da nağıl danışdı – eşitdiyindən, bildiyindən, gördüyündən. Bu sətirlərin müəllifi il boyu 50-60 nağıl danışdı sizə – real qəhrəmanları və hadisələrilə, xəyalı və gerçəyilə var olan nağıllar. Fikrini, marağını, düşündüyünü, öyrəndiyini sizlərlə paylaşdı, bir tək duyğularını gizlətdi. Şəxsinə aid olanları incələməyə nə hacət?

***

Qadınların söylədikləri nağılları xatırladıq bayram öncəsi. Bir də var qadınlar haqqında danışılan nağıllar. Yığıb toplamışam bir neçəsini. Gələn il danışacam, yeni ildə. Özünüzdən muğayat olun, yenə görüşək. Həə, yeni iliniz də mübarək!

Afaq Vasifqızı


Müəllif: Afaq Vasifqızı