20 Yanvar 2016 10:52
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 il rayonda Kukla Teatrından başqa teatr görməyən bir qız Bakıya gələndə niyəsə ilk dəfə gedib YUĞ teatrının qapısını açmışdı. Nömrələrini tapıb zəng vurmuş, ünvanı öyrənmişdi. Bəxtindən elə həmin gün tamaşaları var idi. “Tabu” tamaşası...

Həmişə məscidlə kilsənin fərqini müzakirə edəndə deyirəm ki, məsciddə insan sanki paklaşır, təmizlənir, içindən bir ağlamaq keçir. Ancaq kilsədə insana qəribə rahatlıq, sakitlik gəlir. Sanki dünyada, vətənində, içində hər şey yaxşıdı, gözəldi. Sanki kilsə xorunun içindən Nazim Hikmətin səsi gəlir, “Güzel günler göreceyiz, çocuklar” deyir. Bax ilk dəfə YUĞ-un qapısından içəri girəndə özümü elə hiss etmişdim.
O vaxt nə aktyorların, nə tamaşaçıların heç birini tanımırdım. Qaranlıq otaqda kəndirdən sallanan, bağıran aktyorları görən rəfiqəm elə hey qolumdan dartışdırır, “gedək” deyirdi. Mənsə susurdum. Bu tanımadığım aktyorların, tamaşaçıların hər biri elə bil uzaq diyardan gələn qohumlarım, dostlarım idi. Elə deyirdim, qoy onlara bir az da baxım, bir az da görüm, bir az da eşidim. Baxdım, gördüm, eşitdim.

Nə yalan deyim, tamaşanın ötürmək istədiyi mesajların bəzisini başa düşsəm də, bəzisini başa düşmürdüm. Ancaq aktyorlar elə bil o qaranlıqda hər bir tamaşaçının gözünə baxaraq ürəyindən keçənləri oxuya bilirdilər. İçində hıqqandıqlarını başa düşürdülər. Ona əl uzadır, “qorxma” deyirdilər, növbəti hərəkətləri ilə simvolları, sirləri açırdılar. Sənin üçün aydın olurdular. Mövlanə kimi “Gəl” deyirdilər, “kim olursan-ol, nə olursan-ol, gəl...”

Mən YUĞ-a yenə gəldim. Zamanla aktyorlarla da, tamaşaçılarla da doğmalaşdıq, dostlaşdıq. Çaylarını içdik, söhbətlərini dinlədik, zarafatlarına güldük. Hər dəfə doğma adamın qapısını açar kimi açdıq o qapını. Tamaşa başlayana kimi gələnlərin salamlaşmağı, qucaqlaşıb-öpüşməyi, səsi-küyü adama elə təsir bağışlayırdı ki, bir elin-obanın ağsaqqalının başına yığışmısan. Hamı bu eldən, obadandı. Oğul, qız, nəvə-nəticədi. Amma həm də burda yaş, cins, status yox idi. Hamı bir idi, hamı Vaqif İbrahimoğlunun çırağının başına, ocağına toplaşırdı.

Biz yenə toplaşacağıq. Hara bilmirəm, amma harda olsa, Vaqif İbrahimoğlunun yetirmələri onun qoxusunu, onun xeyir-duasını, onun ruhunu aparacaq o məkana. O məkan yenə YUĞ olacaq, isti olacaq, ocağa çevriləcək. Çayı olacaq, sözü-söhbəti, duzu olacaq. Yenə balaca otaqları olacaq, yenə sıxlaşıb oturacağıq. Təki orda olaq, tamaşaya baxaq, ruhumuz sakitləşsin deyə... Və YUĞ-da Amid Qasımovdan o ilahi sədanı bir də eşidəcəyik ("Mərc" tamaşası):

Eşq yolu, güman yolu var
Su yolu, duman yolu var
Haqq yolu, iman yolu var
Yolçu yolda olsun gərək.

Bu yollardan itən gəlməz
Muradına yetən gəlməz
Gələn gedər, gedən gəlməz
Yolçu yolda olsun gərək.

Sizin yolunuz eşq yolu, haqq yolu, iman yoludur, dostlar. Yolçu yolda olsun gərək ... Yolunuz açıq olsun!


Müəllif: Sevinc Fədai