10 İyun 2014 12:00
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Braziliyada 20-ci dəfə təşkil olunacaq futbol üzrə dünya çempionatına qalan vaxt artıq saatlarla ölçülür. Dünya futbolsevərlərinin səbirsizliklə gözlədiyi bir zamanda qrup mərhələsində iştirakçı komandaların şansları barədə yazılarımız davam edir.

Bu, dəfəki mülahizələrimiz Argentina, Bosniya və Hersoqovina, İran və Nigeriya milli komandalarının iştirak elədiyi F qrupu haqqında olacaq.

Qrupun favoriti, şübhəsiz ki, Argentina millisidir. Bu il həm də çempionluğa əsas namizədlərdən biri olan Maradonanın həmyerliləri mundiala yaxşı heyətlə və itkisiz yollanıblar. Avropada klub futbolunda adından söz etdirən, demək olar ki, qazanmadığı titul qalmayan “Barselona”lı Lionel Messinin milli komandadakı zəif oyunun məhz bu birinciliklə sona çatacağını gözləyənlərin sayı çoxdur.

İspaniya çempionatında komandasının əsas lideri olan Leo, nədənsə yığma ilə keçirdiyi görüşlərdə bir qədər kölgəyə çəkilməli olur. Ancaq futbol mütəxəssislərinin fikrincə artıq Lionel Messinin zamanı gəlib və Braziliyadakı mundial məhz onun çempionatı olacaq.

Bu vaxta qədər iki dəfə dünya çempionluğu sevincini yaşamış “gümüşlər ölkəsinin” üçüncü dəfə bu titula yiyələnmək üçün yaxşı şansları var.

Əsas oyunçuları Avropanın aparıcı klublarında top qovan komandanın demək olar ki, hər mövqe üzrə rəqabətə qabil heyəti var. Nəzərə alaq ki, Anxel Di Mariya “Real”la ÇL kubokunu qazanıb. Messi və Masçerano bu mövsüm titulsuz qalsalar da, hər halda iştirak elədikləri komandaların əsas heyət üzvləri kimi yaxşı formadadırlar. Lavezzi “PSJ” ilə Fransa, Aquero isə “Mançester Siti” ilə İngiltərə çempionluğunu qazanıb.

CAR-dakeçirilən DÇ-2010-nun da əsas favoritlərində hesab olunan Argentina yığması dörd il bundan öncə məhz o vaxtkı baş məşqçiləri Dieqo Maradonanın səriştəsizliyi sayəsində istədikləri hədəflərdən uzaq düşmüşdü.

Bosniya və Hersoqovina millisi ilk dəfə belə mötəbər turnirdə mübarizə aparacaq. Gənc respublikanın təmsilçilərindən elə də böyük uğur gözlənilməsə də, bütün Türk dünyasının onlara azarkeşlik edəcəyi şübhəsizdir.

Avropanın müxtəlif səviyyəli çempionatlarında top qovan oyunçulardan təşkil olunmuş Bosniyalıların əsas ümidi, təbii ki, “Mançester Siti” ilə İngiltərə çempionluğunu yaşamış Edin Dzeko olacaq. Qrupun favoriti sayılmasa da, hər halda sürpriz gözlənilən komandalardandır.

Balkanlılar 1998-ci ildəki Xorvatiyanın və 2002-ci ildəki Türkiyənin uğurunu təkrarlamaq üçün heç də zəif deyillər.

İran yığma komandasını qrupun autsayderi hesab eləmək olar. Cənub qonşularımız Asiyanın güclü yığmalarından sayılır, amma Dünya Çempionatları tarixində öyünə biləcəkləri bir nəticəyə sahib deyillər. Əsasən, daxili çempionatda çıxış eləyən oyunçulardan təşkil olunmuş komanda ən yaxşı halda qrupda sonuncu olmamaq üçün mübarizə aparacaq.

Argentina millisindən sonra qrupdan çıxmağa ən real namizəd isə Nigeriya yığmasıdır. Nigeriyalılar “Qara qitə”nin ən güclülərindəndir. 2014-cü ildə qitə kubokunu qazanan komandanın qüdrətli hücum xətti var. Müdafiə xətti isə əksinə zəif təsir bağışlayır.

“Qartal” ləqəbli afrikalılar üçün mundialda ən böyük nəticə qrup mərhələsini adlamaqdır. 1994 və 1998-ci illərdə ardıcıl 2 dəfə bunu bacaran komanda sonrakı turnirlərdə uğura həsrətdir. Sonuncu mundilda cəmi bir xal toplayan komanda qrup sonuncusu olmuşdu.


Müəllif: Zaur Xudiyev