11 İyun 2014 11:40
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının başlaması ərəfəsində iştirakçı milli komandaların qruplardakı şansları barəsində yazılarımızın artıq sonuna yaxınlaşmışıq. Bu yazımızda sondan bir əvvəlki qrup - G qrupunun iştirakçıları barədə məlumat verəcəyik.

Almaniya, Portuqaliya, Qana və ABŞ yığmalarından təşkil olunan qrupda ən gərgin mübarizə proqnozlaşdırılır. Qrupdan çıxmağa ən real namizəd, şübhəsiz ki, Almaniya yığmasıdır. Bundestimin həm də zəngin mundial təcrübəsi var. Heyət baxımından da güclü olan komandada Avropanın aparıcı çempionatlarında top qovan ulduz oyunçular cəmləşiblər.

Baş məşqçi Yoahim Lövün ixtiyarında Noyer, Boatenq, Lam, Kroos, Məsut Özil, Şvaynştaqer, Götze, Klose kimi artıq Avropa səviyyəsində sözünü demiş və milli komandanı arxasınca daşıya biləcək futbolçular var.

Milli komandanın əsas üstünlüklərindən biri də istənilən mövqedə yetərli oyunçusunun olmasıdır. Sonuncu mundialın bürünc mükafatçısı olan almanlar bütün turnirlərdə yaxşı oyun göstərsələr də son məqamda nəsə çatışmazlıq və büdrəmələr olur. Bu isə, təbii ki, oyunçuların təcrübə azlığı ilə əlaqədardır.
Ancaq bu, dəfəki heyət kifayət qədər birlikdə oynamış və demək olar ki, dörd il bundan öncəki mundilda çıxış eləyən oyunçulardan ibarətdir.

Bir qeydi də xatırladaq ki, Almaniya, yığmasının ən son uğur qazandığı çempionat 1996-cı il Avropa birinciliyidir ki, onda da komandanın baş məşqçisi hazırda Azərbaycan milli komandasını çaılşdıran Berti Foqts idi.

Seçmə mərhələni həmişə olduğu kimi çox rahat keçən bundestim keçirdiyi 10 oyunda 9 qələbə və bir bərabərliklə qrupun lideri olmuşdu.

Portuqaliya yığması da qrupdan çıxmaq şansı olan komandalardan biridir. Ronaldo və dostları seçmə mərhələni çətinliklə adlasalar da, düşdükləri qrupa görə növbəti mərhələyə çıxmaq şansları öz əllərindədir.

Stabil komanda təsiri bağışlayan Paolo Bentunun yetirmələri, demək olar ki, bütün turnirlərdə əsas mərhələyə vəsiqə qazana bilirlər və final oyunlarında da heç vaxt fiasko yaşamırlar. Ancaq dünya çempionatları tarixində Portuqaliyanın ən böyük uğuru uzaq 1966-cı ildə SSRİ-ni yenərək qazandığı üçüncülükdür.

Komandanın əsas ulduzu Ronaldodur. Müdafiə xəttinin dirəyi sayılan Pepe və cinah müdafiəçisi Koentrao da dünya çapında tanınan və Ronaldoyla birlikdə “Real Madrid”də top qovan oyunçulardır.

Qana milli komandası Afrikanın ən güclülərindən hesab olunsa da, qrupdan çıxmaq şansı çox azdır. Dörd il öncə CAR-da keçirilən mundialda 1/8 finala qədər irəliləməyi bacarmış “qara incilər”ə bu dəfə həmin nəticəni təkrarlamaq çətin olacaq. Heyətində Essyen, Asamoa Qyan, Kevin Prins Boatenq və Ayyu kimi ulduzları olan komanda ən yaxşı halda qrup sonuncusu olmamaq uğrunda ABŞ-la mübarizə aparacaq.
ABŞ yığması da çox böyük iddiaları olmayan, ortabab komandalardandır. Qrupdan çıxması o qədər real görünməyən komandanın əsas hədəfi Qana ilə mübarizədən qalib ayrılıb sonuncu yeri tutmamaq olacaq. Əsas oyunçuları daxili birincilikdə oynayan “yankilər”in Avropa liqalarında da çıxış eləyən bir neçə oyunçusu var.

Sonda bu qrup haqqında bir maraqlı məqam: Jerom Boatenq və Kevin Prins Boatenq qardaşları bu çempionatda uyğun olaraq Almaniya və Qana olmaqla, iki fərqli yığmanın şərəfini qoruyacaqlar. Ən maraqlısı isə hər iki milli komandanın eyni qrupda mübarizə aparmaq qismətidir.


Müəllif: Zaur Xudiyev