12 İyun 2014 15:03
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nələr ortaya çıxıb, nələr... İki iqtisadçı alimin ruscadan köçürmə məqaləsi aşkarlanıb.

Məsələ təkcə faktın özündə, məzmununda deyil, həm də xarakterik olmasındadı. Alimlərin plagiatlığı bizim elmdə təzə hadisə sayılmır. Bir neçə il qabaq AMEA-nın Fəlsəfə İnstitutunda oxşar plagiatlıq faktları üzə çıxarılmışdı, saxta elmi iş yazanlardan biri də məşhur tele-aparıcı idi. Aparıcıda elmə-fəlsəfəyə maraq hansı kanalla, hansı məqamda, ilin-günün hansı fəslində, tarixində, çağında yaranmışdı bəlli deyildi, amma o, uzun illər rəsmi kanalda - AzTV-də hər səhər efirə çıxıb bütün ölkə əhalisini salamlayırdı.

Di, əleyküm salam. Həmin xanımın elmi işi ləğv olundu, Fəlsəfə İnstitutunun adı və rəhbəri dəyişdi - gör nə boyda dəyişiklik eləmək lazım gəldi.

Əslində elə fakt var, bütün detalları maraqlı, vacib, gülməli və qayət ağlamalı olur. Hər iki alim Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşıdı. Məqalə akademik, millət vəkili, tanınmış ictimai xadim Ziyad Səmədzadənin rəhbərlik elədiyi “İqtisadiyyat” qəzetində dərc olunub. Həmin oğurluq məqalənin adına baxın: “Texnoloji inkişaf və marketinq”.

Texnologiya, inkişaf, marketinq, oğurluq... Qoşa imza. İndi biri deyir mənlik deyil, o biri eləyib, bu biri deyir, mənim xəbərim yoxdu, mən seyidəm.

Bəlkə də bu iki alim heç olmasa plagiatlıq sahəsində daha düşüncəli hərəkət eləsəydi, daha usta tərpənsəydi, bu elmi fırıldaq heç kəsin diqqətini cəlb eləmədən tarixin çox zaman zir-zibillə doldurulmuş arxivində görünmədən itib gedərdi. Orijinalı rusca olan məqaləni barı azərbaycancaya çevirib Azərbaycan dilli mətbuatda nəşr etdirəydilər. Buna da əriniblər.

Ona görə tez ələ keçiblər. Bəli, necə deyərlər, əlbir olmuş iki alim - biri professor, biri dosent - qəflətən yaxalanıb. Professorun adı Ağadadaş Qafarov, dosentinki İlkin Soltanlıdı. İşin təşəbbüskarı olan birincini işdən çıxarıblar, ikinciyə töhmət veriblər. Hər ikisi xəstə düşüb. Doğrudan pis hadisədi.

Əgər bu adamlar o sayaq açıqlama verib Allahın, Quranın adından danışmasaydılar mən bu köşəni yazmazdım. İnanın.

Yazsaydım belə, ad çəkməzdim. Professor olanda nə olar, dosentin bəyəm dişi düşmür? İnsandı, səhv eləyə bilər. Düzdü, bu səhvlər iqtisadiyyat, texnologiya və inkişaf sahəsinə aiddi, şeirə, ədəbiyyata bağlı olsaydı, bir təhər vəziyyətdən sivişib çıxmaq olardı... Texnologiya və marketinq. Adamın tükləri biz-biz durur.

Professor Teleqraf.com-a deyib: “Mən bu işi belə qoymayacam. Professor adını alandan sonra mənə qarşı kampaniya başlayıb. İqtisadiyyat Universitetində Bədirxan Musayev mənimlə Şəmsəddin Hacıyevin arasını vurmağa çalışdı. Mən ağır seyidəm, Qurana da inanıram”.

Dosentin sözünə baxın: “Mən Allaha inanan adamam. Qurana and olsun ki, məqalədə imzam formal xarakter daşıyıb. Yazının plagiat olub-olmadığını bilməmişəm. Professor Ağadadaş Qafarov dedi ki, rus dilində məqalə yazmışam, gəl, sənin də imzanı qoyum. Etiraz etmədim. Sonradan məlum oldu ki, yazı plagiat imiş”.

Nə oldu, Allah, Quran indi yada düşdü? Məqaləni köçürüb çap elətdirəndə göydə ulduzlardan başqa heç nə yox idi, məsələ faş olub, xəstəlik boğazdan yapışanda məlum oldu ki, heç də elə deyilmiş? Özü də ikisinə də inam eyni vaxtda gəldi.

Kim olur-olsun, hətta plagiatın da inancını Allah qəbul edər, amma plagiat inancı... Çətin.


Müəllif: Qurban Yaquboğlu