15 Mart 2016 10:05
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm Əhməd

Ötənlərdə Roma papası Fransiskin Tvitter sosial şəbəkəsində katolik xristianlara “Xahiş edirəm, mənim üçün dua etməkdə davam edin” deyə müraciət etməsini oxuyanda Tanrı-vasitəçi-insan münasibətlərində yeni mərhələyə qədəm qoyduğumuzu düşündüm.

Xatırlayıram, Sumqayıtda yaşadığım vaxtlarda ilk dəfə məscid görərkən heyrətlə ora baxanda məndən bir neçə yaş böyük olan məhəllə uşağı “orada adamı tutub zorla namaz qıldırırlar” demişdi. Beləliklə, məsələ mənə aydın idi: Oradakı adamları görmək, zorla namaz qılmaq istəmirsənsə, oraya getməyəcəksən!

O zamanlar ikinci bir həqiqəti də anladım: Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada dinlə münasibətlər 1400 ildir ki, həllini tapmayıb. Bizdə evlərdə Quran saxlanılar, amma oxunmaz, ildə iki-üç dəfə - Aşura, Ramazan və “Qara” bayramlarda kütləvi məscidə gedilər, sonra isə gedilməz. Söhbət toplumun əsas kəsimindən gedir.

Bunun səbəbini isə ta sonralar Mirzə Fətəli Axundzadəni tanıyandan sonra başa düşdüm.
Başa düşdüm ki, bizdə insanlar Allaha inansa da, onun Yer üzündəki faktiki təbliğatçılarına inanmırlar. İnanmaqdan əlavə, lağa qoyurlar.

Yas məclislərində müşahidə edirik ki, əksəriyyət məclisi aparan mollanın danışdıqlarına qulaq asmır, çünki onun dediklərini puç və əfsanə hesab edirik, yeganə kontaktımız Fatihə oxunarkən yaranır ki, burada da əksəriyyət surəni oxumaqdansa, sükuta dalmaq yolunu seçir.

Çünki bizim dinlə qeyri-rəsmi səviyyədə bölüşdüyümüz sərhədlər var: mən işimdə-gücümdə olacam, sən isə məsciddə və yas yerlərində.

Ta ki Tvitter və Feysbuk sosial şəbəkələri yarananadək.

Artıq indi elə dönəmə çatmışıq ki, Papa bizə bir addım daha yaxındır. Metroda qatarla gedərkən, idman zalında qaçış alətində kalori sərf edərkən, sevişməyə fasilə verərkən, ofisiantın sifariş verdiyin yeməyi gətirməsini gözləyərkən, taksidə yol gedərkən, təyyarədə uçarkən telefonda Tvitterə daxil olub Papanın ilahi mesajlarını oxuya bilirsən.

Yəni Papa bizi sözün həm birbaşa, həm də virtual mənasında təqib etməkdədir. Elə biz də papanı təqib etməkdəyik.

Papadan əlavə digər vasitəçiləri də izləyə bilirik. Tibet dağlarında meditasiyadan sonra yaşadığı ruhani halı Tvitterdə milyonlarla izləyicisi ilə bölüşən Dalay Lama 2012-ci ilin statistikasında ABŞ prezidenti Barak Obama ilə milyarder Bill Qeytsdən sonra üçüncü sırada gəlirdi.

İslam dünyasının Tanrı ilə vasitəçiləri də Tvitterin fəal istifadəçiləri sırasındadır. Azərbaycanda da dəstəkçisi olan İranın ali ruhanisi Əli Xamneyi insanları İslama səsləməklə yanaşı, ara-sıra İsrail dövləti haqqında bəyanatlar verir. Hətta bir ara Xamneyi İnstaqram şəbəkəsindəki boşluqdan istifadə edib uzun videolarını bu platformaya yükləmiş, bu isə geniş marağa səbəb olmuşdu. Hətta bu məsələyə görə İnstaqram rəsmiləri açıqlama vermək məcburiyyətində qalmışdılar.

Yəni köhnə dünyanı idarə edən, yeni dünyada isə hələ ki geniş kütlələr arasında nüfuzu qalan Tanrı vasitəçiləri bu gün öz imiclərini qorumaq, təbliğatlarını aparmaq üçün Feysbuk, Tvitter, İnstaqram kimi geniş yayılmış sosial şəbəkələrdən mükəmməl şəkildə yararlanmağa çalışırlar.

Bu isə artıq dinin fərqli formada evlərə girməsinə səbəb olur.

Artıq Roma papasına 12 həvari yox, sosial şəbəkədəki hesablarını idarə edəcək 12 kompüter mütəxəssisi lazımdır.

Artıq Dalay Lamaya insanları Tibetin ətəklərinə yığmaq yox, Tvitterin “cik-cik” sədası altına yığmaq daha sərfəlidir.

Artıq ayətullahlara insanları iri məscidlərə yığıb vəz vermək yox, hüdudsuz sayda təqibçilərə malik olmaq daha vacibdir.

Bütün bunların fonunda isə ortaya haqlı sual çıxır: Din xadimlərinin bizə bu qədər yaxın olduğu bir ərəfədə bəşəriyyət, toplumlar xoşbəxtdirmi?

Din xadimlərinin dinindən, irqindən, millətindən asılı olmayaraq hər kəsin izləyə bildiyi bir məqamda çağırışları sülhün bərqərar olmasına yardımçı ola bilirmi?

Yoxsa, sosial şəbəkələrin verdiyi azadlıqdan yararlanan köhnə xurafələrin cik-cikləyərək yeni dünyamıza gəlməsinin qarşısı alınmalıdırmı?

Və ya Papa milyonlarla izləyicisinə qırmızı köynəklərini əyinlərinə keçirib xaç yürüşlərinə çıxması tvitini yazarsa, katoliklər buna əməl edəcəklərmi?

Cəmi 140 işarə ilə bəşəriyyəti sivilizasiyaların toqquşması mərhələsinə yenidən çatdıra bilərlərmi?
Ayətullahlar cihad çağırış edib müsəlmanları ordu şəklinə sala bilərlərmi?

Bu suala keçmədən öncə onu da deyək ki, bəzi ölkələrdə din və sosial şəbəkələr məsələsində tamam fərqli qərar verənlər də olub. 2012-ci ildə Yunanıstanın Etolia-Akarnania Metropoliti Kosmas Feysbuk, Tvitter və MSN-i aforoz elan etdi. Belə ki, Kosmas tabeçiliyində olan kilsələrin din xadimlərinin sosial şəbəkələrdən istifadə etməsini yasaqladı. Qərarının səbəbini isə metropolit belə əsaslandırdı: “Sosial şəbəkələr günaha təhrikdir. Bu saytlara daxil olan din adamları mənəvi baxımdan özlərinə də, ailələrinə də böyük zərər verməkdədirlər”.

İslam dünyasında isə bir müddət “Halal” markalı sosial şəbəkə anlayışı ortalığa çıxdı. Lakin “Salamworld” kimi təşəbbüslər geniş maraq doğurmadı. Çünki sosial şəbəkələrin peyğəmbəri olan Mark Züçerberk artıq sonuncu “kitab”ı gətirmişdi, yerini başqa birinə verməyi düşünmür.
İndi isə qayıdaq sualımıza.

Din xadimlərinin sosial media üzərindən mesajlar verməsinin qarşısını almaq olmaz.

O halda ki, onların mesajları dini ibadətlər və barış əsasında yazılıb. Çünki hər kəs kimi din xadimlərinin də bu azadlıqlardan yararlanma haqqı var. Siyasətdən tutmuş şirkətlərin müxtəlif maraqlarını qoruyan paylaşma platformaları modern dünyada dinin də öz sahəsini genişləndirməsi üçün istifadə ediləcək. Bunun qarşısını almaq mümkün deyil. Üstəlik papanın, ayətullahların, digər din xadimlərinin tvit atması bəşəriyyət üçün təhlükə törətmir. Təhlükə din üzərindən formalaşan radikal qruplaşmaların fəaliyyətidir.

2015-ci ilin noyabrında Əfqanıstanın Takhar bölgəsində yaxalanan İŞİD üzvü olan Tacikistan vətəndaşı qruplaşmaya sosial media vasitəsilə qoşulduğunu deyir. “Nasratullah” ləqəbli bu şəxs Rusiyada işləyərkən sosial şəbəkələr vasitəsilə gələn təkliflə cihada qoşulduğunu bildirir. Yol xərci üçün 20 min rubl alan bu şəxs İran üzərindən Əfqanıstana keçir.

Və ya 2014-cü ilin yayında İŞİD-in Mosula doğru irəlidiyi bir məqamda terror qruplaşması tərəfdarları tərəfindən bir gündə 40 min tvit atılır. Terrorçular addımlarını anbaan sosial şəbəkə üzərindən dəstəkçilərinə və dünyaya yayırlar. Xüsusən də, qruplaşmanın yaydığı fotolar, videolar “haştaq”larda “trend topic” səviyyəsinə çatır. Paylaşılan videoların keyfiyyəti, işlənmə forması İŞİD tərəfdarlarının artmasına səbəb olur. Bütün bunlar İŞİD-in sosial şəbəkənin modern dünyada təbliğat üçün əvəzsiz mənbə olduğunu göstərir. Üstəlik təbliğati işləri həyata keçirənlərin peşəkarlar olduğu aydınlaşır. Buna görədir ki, terror qruplaşmasının “İŞİD-ə dəstək üçün bir milyard müsəlman” adlı kampaniyası geniş rezonans doğurmuşdu.

İŞİD-in təbliğatını yaymaq üçün qurduğu Al-Itisam Establishment for Media və Al-Hayat Media Center qruplaşmanın ən güclü vaxtlarında geniş fəaliyyət göstərirdi.

Eləcə də, İŞİD dünya üzərində geniş yayılmış android sistemlə işləyən telefon, tablet və digər texnologiyalar üçün “The Dawn of Glad Tidings” adlı əlavə də hazırlamışdı. Bu əlavəni yükləyən şəxslərin Tvitter hesabına daxil ola bilən İŞİD fəaliyyətləri ilə bağlı kütləvi tvitlərin atılmasına səbəb olmuşdu. 19-24 iyun 2014-cü il tarixlərində qruplaşma #AllEyesOnISIS haştaqı ilə 31500 tvit atmışdı.

İŞİD-in sosial şəbəkədəki bu fəaliyyətləri təbliğatla yanaşı qorxu yaymaq məqsədilədir. Məsələn, Mosula giriş dönəmində 1700 iraqlı şiəni qətlə yetirmələri ilə bağlı paylaşdıqları fotolar yaxın ərazilərdə ciddi narahatlığa səbəb olmuşdu. Eləcə də, edam videolarının yayılması Qərb insanının qorxuya düşməsi üçün hesablanıb. Amerikalı jurnalist Ceyms Foleyin edamı bu qəbildəndir.

İŞİD-in sosial mediadakı gücü şübhəsiz ki, ABŞ tərəfini narahat edir. 2015-ci ilin noyabrında ABŞ-ın müdafiə naziri Eşton Karter açıqlamasında azad və açıq internetə xələl gətirməyəcək bir formada ölkəsini və xalqının qorumağın yolları barədə fikirləşməyin zamanının gəldiyini demişdi.

Virusa qarşı antivirus proqramları işə salındığı kimi İŞİD-ə qarşı da Tvitterdə əks-mübarizə kampaniyası işə salınıb. Məsələn, İngiltərə xarici işlər nazirliyi “İŞİD-ə qarşı İngiltərə” adlı Tvitter hesabı ilə anti-İŞİD fəaliyyətlərə başlayıb. İŞİD-ə qarşı beynəlxalq koalisiyanın apardığı mücadilə ilə bağlı videoların yayımlandığı bu hesab İŞİD qüvvələrinə vurulan zərbələri dünyaya yaymaq məqsədini güdür.

Beləliklə, bu gün Azərbaycan daxil olmaqla dünyanın istənilən ölkəsində bir müsəlman asanlıqla bu kimi təbliğatın içinə düşə, özünü İraq və Suriyada tapa bilər. Çünki Suriyaya gediləcək yol puluna qədər ödəyən İŞİD hətta onlara mücahid qazandıracaq şəxslərə 3-10 min dollar arası pul da vəd edir. Xüsusən, qazandırılan adam həkim və kompüter mütəxəssis olarsa, miqdar çox olur.

Bu baxımdan İŞİD-lə Tvitterdə mübarizə üçün anti-İŞİD təbliğatın gücləndirilməsi mühüm vasitədir.
Azərbaycan üçün təkcə İŞİD-ə qarşı deyil, bütün dini radikalizmlə qarşı bu hücum taktikası üçün Kəmalüddövləni yenidən diriltmək gərəkdir.

Radikalizmə qarşı yeni mübarizənin adı: Kəmalüddövlə tvitləri

Əgər Kəmalüddövlə dirilib gəlsə, dünənin xürafələrinin bu gün elm adı ilə xalqa sırındığını görsə, yəqin ki, üzümüzə bir batman tüpürüb Axundzadənin çap olunan kitablarını götürüb bizi əbədiyyən tərk edərdi. Ona görə ki, 150 il əvvəl bizi ayıltmağa çalışdığı halda, bu gün bu torpaqlarda Yerin fırlanmasına şəkk gətirən adamlar var və onlar alim adı ilə elm ocaqlarında çalışırlar.

Dünən üçün Kəmalüddövlə məktubları, bu gün isə Kəmalüddövlə tvitləri təkcə ümumiləşdirilən İran xalqlarının deyil, türklər də daxil olmaqla, bütövlükdə İslamın hakim olduğu dünyanı ayıltmaq üçün bir vaksindir.

Necə ki, Kəmalüddövlə bir kitab və bu kitab ətrafında yazılan bir sistemi aradan götürə bildi, eləcə də, bu günün Kəmalüddövlələri sosial şəbəkələrdə eyni mücadiləni aparmalıdır.

Bəs, bu günün Kəmalüddövləsi kimdir?

Dünənin dünyasından fərqli olaraq bu günün Kəmalüddövləsi oxumuş, maarifçi adam deyil. Çünki İŞİD simpatizianları arasında Qərb təhsilli yüzlərlə adam var.

Bugünün Kəmalüddövləsi düşünən insan da deyil. Çünki İŞİD-in içərisində bir kəndi necə yox etmək, insanları hansı vasitələrlə öldürmək, Hollivud filmlərindən daha real görüntülər çəkməyin yolunu düşünən onlarla peşəkar mütəxəssis var.

Bəs, bugünün Kəmalüddövləsi kimdir?

Əlbəttə, yenə də harada yaşamasından asılı olmayaraq, Qərb adamıdır, yenə də hansı siyasi quruluşda yaşamasından asılı olmayaraq sekulyar, dünyəvi dəyərlərə malikdir. Hədəfi təkcə gericiliklə, obskurantizmlə mübarizə deyil, həm də bəşəriyyətin yeganə xilası olan elmin bir ömür boyu xidmətçisidir.

Nümunə gərəkdirsə, Şərqin və türk dünyasının bugünkü Kəmalüddövləsi, bugünkü Axundzadəsi Əziz Sancar kimilərdir.

Modern dünyamızın Kəmalüddövləsinin tvitlərindən biri: “Dünyaya yenidən gəlsəm, Türkiyədə müəllim olmaq istəyərdim”.


Müəllif: Dilqəm Əhməd