Ötən gün dövrümüzün futurist filosofu, insan mühəndisliyi üzrə araşdırmalar aparan, ömrünü insanı anlamağa həsr etmiş Jak Freskonun müsahibələrinə baxırdım.
Bu insan 14 yaşındaykən məktəbi tərk edərək sərbəst, fərdi təhsilə baş vurub. Ona qazandırdığı bugünkü biliyi və zehniyyəti heç bir məktəb və ya ali təhsil proqramı yox, məhz subyektiv entuziazmı və maraqlarının arxasınca getməyi, ən əsası da “Necə düşünmək lazımdır fəlsəfəsi” olub.
Doğrusu, əvvəllər onun haqqında bir iki qısa məqalə oxumuşdum, amma “youtube”- da izlədiyim videomüsahibələrdə ötən ay 100 yaşını qeyd edən filosofun bir fikri üzərində dayanmaq istəyirəm. İnsan nə istədiyini deyil, ona nə lazım olduğunu düşünməlidir. Bu təqdirdə düşüncə onu bəlli izə, davranışa və nəticəyə gətirib çıxara bilər.
Sözün düzü, bu yazını sırf olaraq Jak Fresko haqqında yazmaq istəyirdim. Amma bu səhəri cəbhə xəttində yaşanan gərginliklə açdıq. Sosial şəbəkələrdə, ictimaiyyətdə yenə adət etdiyimiz yanaşmanı, fikirləri gördük. Müharibə şəraitində olan bir ölkədə, hərbi vəziyyətdə necə davranmalı, necə danışmalı olduğumuzu gərək ki, fərd səviyyəsində hər kəsə daha detallı, daha sanballı şəkildə çatdıraq. Sözü demək bir tərəfə, onu necə demək lazım olduğunun qayğısına qalmalıyıq. Bu cəza üsulu ilə yox, şüurlu insanın anlayacağı məntiqə, qavrama uymalıdı.
Fürsət düşən kimi o dəqiqə hamı başlayır milləti, cəmiyyəti, kütləni xora salıb aşağılamağa. Ən çox nifrət etdiyim də bir ifadə var: “Belə gəlib, belə də gedəcəyik”. Amma deyən lazım, atam balası, axı biz belə gəlməmişik. Sənə bunu dedizdirən məhz sənin savadsızlığın və cahilliyin ucbatından səni belə gətirib belə apardıqlarına inandıranlardı. Populyar sözləri, ifadələri, şablon düşüncələri ağızdan oğurlayıb da söz xatirinə söz demək üçün iki nəfər arasında, sosial şəbəkələrdə cəngavərə dönməkdənsə, bir özümüzə qayıtsaq? Bir dünənimizi varaqlasaq, olub bitəni anlamağa çalışsaq, əksik tərəfimizi tamamlasaq, bilmədiyimizi oxuyub öyrənsək? Və nəhayət fərd olaraq sənə nə lazım olduğunu anlayaraq söz demək ehtiyacı duyub nəsə desən, olmazmı?
Olar, əlbətə OLAR... Çünki aid olduğun kökü hiss etmədən budaq kimi ağacın ən hündür nöqtəsi olsan belə qurumağa məhkumsan. Öz özlüyümüzdə heç kim pis deyil, ola da bilməz. Sadəcə insan olaraq kollektiv yaşama bağlıyıq, belə olduğu təqdirdə bir fərdin marağı toplumun marağını üstələyə bilməz. Bizi bizə lazım olanı unutdurub da əvəzində bəlli maraqlara yönəlik düşüncəyə istiqamətləndirənlərə uymamaq üçün immunitet qazanmamız, fərqində olmamız gərək.
Buna görə də, sosial şəbəkələrdə “Müdafiə Nazirliyi informasiyanı, həqiqəti gizlədir” deyə, yayılan informasiya əslində bir şeyə xidmət edir. Sizləri, bizləri əlimizdə olan və ya yenə də düşünülərək ortaya atılan şayiə xarakterli məlumatları tirajlayaraq kütləviləşdirmək. Onlara lazım olan hərbi sirləri asan yolla öz əlimizlə düşmənə verək deyə. İctimaiyyətdə çaşqınlıq yaradaq deyə... İndi bir sual da verim, bu, bizə lazımdırmı? Əlbəttə yox, sadəcə sosial şəbəkədə bir az “like” yığıb, söz bazarı açmaqla natamamlıq kompleksindən azad ola bilmirik. Amma özünü təsdiq etmə metodu olaraq nə mövzu, nə də zaman o zaman deyil.
Bu psixoloji fəndin əsasında duran fikri bir də belə izah edək. Mən bilmədiyim məlumatı öyrənmək üçün ortaya bir yalan atıram, sən də əvəzində bunun yalan olduğunu isbat etmək üçün mənə doğru məlumatı verirsən. Görürsüz, çox sadədi. Məhz bu tələdən qaçmamız lazım.
Bizim qarşı-qarşıya durduğumuz bu vəziyyətdə isə bir fərdin sirrindən yox, hərbi sirdən söhbət gedir. Bu artıq bir millətin, bir xalqın taleyinə məsuliyyətsiz yanaşmadı. Bir daha yuxarıda qeyd etdiyim suala qayıdım, əsas olan mən nə istəyirəm deyə yox, mənə nə lazımdır deyə düşünməyi bacarmağımızdı. Bu iki oxşar sual arasında nəinki fərd olaraq sənin, ümumən aid olduğun toplumun, kollektivin taleyini həll edəcək davranışın durur.
Yenə əvvələ qayıdım, düşünmürəm ki, toplumda hamı Jak Fresko kimi dahi olmalıdı. Amma bəzi məsələləri anlamaq, dərk etmək üçün nə rəngarəng ali təhsil diplomlarına, nə repetitorlara, nə də müəllimlərə ehtiyac yoxdu. Bu məqamda kütlənin maarifləndirilməsinə, fərqindəlik qazanmasına yönəlik iş qurmaq daha ağıla batandır. Bunun məsuliyyəti isə biz jurnalistlərin, çalışdığımız qurumların üzərinə düşür. Oxucunun, dinləyicinin, tamaşaçının beynini əyləncə əsirliyindən xilas edib bir az da düşündürməyi bacarmalıyıq. Əyləncənin daha çox auditoriya yığması ilə bağlı yaradılmış bir mif də var ki, o da bizlərin düşüncəsinə sırınmış düşüncə qəlibidir. O nöqtəyə gəlib çıxmışıq ki, kütlə bir müğənninin sözünü bir ziyalının sözündən daha dəyərli, daha ağlabatan hesab edir. Nə üçün? Cavabı çox sadədir bunun da. Çünki, media olaraq ziyalını yox müğənnini ideallaşdıran da məhz bizik.
Cəmiyyət olaraq, fərd olaraq bizə sırınan hər cür zərərli və maraqlara xidmət edən düşüncələrdən azad olmalıyıq. Dövlətçiliyimizi, özümüzü sevərək daha sağlam ayaqda durarıq. Yuxarıda verdiyim sualın cavabı da bax budur. Bizə lazım olan...
Elçin MURAD