5 Aprel 2016 15:29
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan həyatı boyunca xoşbəxtliklərə çatmaq üçün mübarizədədir. Xoşbəxtlik isə hər kəs üçün fərqli anlam daşıyır.

Kimi üçün daxili mənəvi hüzur, kimi üçün maddiyyat, kimi üçün yardıma ehtiyacı olan insanlara kömək etmək, kimisi üçün də heyvanlara başlarını sığallayıb qayğı göstərməkdir.

Hər kəs bu yolda mənəvi rahatlıq, sevinc hisslərini yaşamaq istəyir.

Amma bəzən bu, istədiyimiz kimi olmur. Nəyinsə bizə meydan oxuduğunu, onun həyatımızda “sağ göstərib, sol vurma” prinsipi ilə bizi asılı vəziyyətə saldığını görürük. Təbii ki, bu durum bizi ruhdan salır, həvəsimizi boğazımızda düyünləyib qursağımızda qoyur.

Bu, “Şüur yoxdur, sadəcə, instinktlə hərəkət edir” dediyimiz heyvanlar üçün də belədir.
Bəzən isə xoşbəxtlik heyvanlara sirklərdə insanları əyləndirmək üçün verilən min bir əziyyətə son qoymaqdır.

Bu, xoşbəxtliyi onlara yaşatmağın bir yolunu da vegeterianlar ət yeməməklə edir. Onlar bunu heyvanlara qarşı olan işgəncənin başqa bir növü kimi qəbul edirlər.

Buna nəinki xoşbəxtlik, hətta, təbiətimizi canlı, maraqlı, rəngarəng edən heyvanlara olan yardımın başqa üsulu da deyə bilərik.

Məqsədim bu xoşbəxtlik anlayışının kim üçün və necə anlam ifadə etdiyini izah etmək deyil. Bunu yazmağa vadar edən yutubda baxdığım videoda sirklərdə insanların əhval-ruhiyyəsini xoş etmək məqsədilə tərbiyələndirilən aciz heyvanlar oldu.

Sirk işçisinin qəddarlıqla növbə ilə filə, pələngə, ata dəridən-qabıqdan çıxıb hansısa elementi öyrətmək üçün çubuqla vurması, heyvanın ona tabe olması, nəticədə sanki böyük marağın yaradılması, tamaçaşının da gur səslə alqışlaması, nəhayət, sirk ustasının özünü böyük qəhrəmanlıq nümayiş etdirirmiş kimi qollarını havada uzadıb, alqış, afərin tələb edərək yelləməsi heç də təqdirəlayiq deyildi.

Bu görüntünün dəqiq olub-olmamasını araşdırmaq üçün yutubda bu kimi videolara səyahətimi davam etdirdim. Qarşıma çıxan digər videolar isə daha dəhşətli idi.

Demək, işçi sehrli dəyənəyi ilə balaca pələng balasını tamaşaçı alqışı üçün öyrətməyə çalışır. Öyrətmə prosesi çətinləşdikdə -- heyvan tabe olmaq istəməyəndə, həmin bu “sehrli dəyənək” işə düşür. Bu an balaca pələngdən ağrıdan qovrulan canlının fəryadı qopur. Balaca heyvan işi dayandırmaq üçün əlləşsə də, çabası boşa çıxır. Amma proses davam etdirilir. Yəni, bildiyiniz işgəncə.

İşin ən maraqlı tərəfi odur ki, belə hadisələrin çoxu inkişaf etmiş dövlətlərdə baş verir.
Digər bir videomaterialda isə həmişə işgəncə görən əks tərəfin hücumu olur. Hazırıqlar bitib və tamaşa hazırdır. Bir müddət keçir, meydana əlində “sehrli dəyənəy”i olan “sehrbaz” sirk ustası və qəfəsdə yan yörəsində də pilləkənlər olan şir çıxır.

“Sehrbaz”ımız işinə başlayır və heyvana bir neçə elementi göstərməsini dəyənəyilə əmr etdikdən sonra “əsl şou” başlayır.

Vəhşi heyvan sanki illərdir döyülməkdən, işgəncə görməkdən yığılıb qalmış hirsini üzə çıxararaq işçinin üzərinə hücuma keçir. Bu an təbiidir ki, hamı şok vəziyyət alır. Rahatlıq yerini narahatlığa, həyəcana verir. Necə də olsa, boyun hissəsindən yapışılan, nəhəng dişlər arasında o tərəf bu tərəfə sürünülən insandır.
Yazıq heyvan burada da zərbə görür. Bu dəfə öyrədilmək üçün yox “qurban”ını buraxması üçün. Belə də edir. Başqa nə çarə ola bilərdiki?!

Qurbanın insan olması böyük rezonans yaradır, amma bir heyvanın işgəncə görməsinə ötəri yanaşılır. Çünki şüurun olmaması, özünü müdafiəsi, daha doğrusu özünümüdafiə etməsinə cəhd edə bilməməsi, “necə də olsa, heyvandır” anlayışı onları gözümüzdə kiçildib, başqa sözlə əhəmiyyətsizləşdirib.

Təəssüfedici haldır ki bu, bütün dünyada belədir, həllini tapmamış problemlər sırasında yer alır
Ona görə də sirklərdə heyvanların min cür əzab əziyyət hesabına nümayiş etdirilməsinin qarşısını almalıyıq.

Ölkə kimi bu sahədə ilk möhürü vursaq, heç də yanılmış olmarıq.


Müəllif: İmamət İsmayıl