7 Aprel 2016 00:52
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən bir az susmaq lazımdır, nə bir söz demək, nə də ki yazmaq…

Bəzən bir az kor, kar, lal olmaq lazımdır, diqqətin hər şeyə sıfıra ensin gərək… Bəzən bir az unutmaq lazımdır, format etmək yaddaşı, yenidən sistemini yükləmək, sürətlə işləmək, bəzən dayanmaq, yenilənməmək…

Bəzən bir az ağlamaq lazımdır, insanlar çox olan yerdə, səni qəlbsiz bilməsinlər… Bəzən bir az gülmək lazımdır, hamı gülərsə əgər…

Bəzən bir az fərqlənmək, seçilmək lazımdır, diqqəti öz üzərinə çəkmək üçün…
Bəzən bir azca çox sevmək lazımdır özünü başqalarından…

Bəzən qaçmaq lazımdır, bəzən addımlamaq, amma qorxudan qaçmamaq, geri addımlamamaq…
Bəzən bir az olanları artırmaq lazımdır, az olduqca, azalır…
Bəzən isə bir azları şişirtmək lazımdır, insanları özündən uzaqlaşdırmaq, insanları özünə yaxınlaşdırmaq üçün…

Bəzən bir az oynamaq, bir az rola girmək, üzünün bir hissəsinə maska geyinmək lazımdır, özünü qorumaq, insanları tanımaq üçün…

Bəzən bir az da çox düşünmək və fikirlərini hamıdan gizlətmək lazımdır, oğurlamasınlar deyə…
Bəzən bir az… Az-az özün olmaq, insan olmaq lazımdır, təkamülə gedən yolda…


Müəllif: Günel Fərhadqızı