27 Aprel 2016 17:18
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Qəbələ (Azərbaycan) - Borussiya Dortmund (Almaniya) oyununa radioların birində keçirilən müsabiqədə qalib gələrək bilet əldə etdim.

İndiyə qədər milli komandanın sərgilədiyi oyunların səviyyəsini nəzərə alıb stadiona getmək istəmirdim.
Amma bölgə komandasının Millidən fərqli olaraq bir az babat oyun sərgiləməsi, doğulduğum yerin takımı olması, həm də qazandığım biletin üzümə yazıq-yazıq tamaşa etməsini qəbul edə bilmədiyim üçün getməyi qərara aldım.

...Ənənəvi klounabənzər azarkeşlər kimi hazırlıqlı olmasam da, stadiona yollandım.
81 saylı avtobusun sürücüsündən oyunun keçiriləcəyi “Bakcell Arena”nın harada yerləşdiyini soruşdum.
“Mentalitetimizdə qız futbola getməz” heyrəti və təəccübü ilə üzümə nəzər salan “dayday” lazım olan məlumatı verdikdən sonra uyğun yerdə endim.

Uzun yol qət etdikdən sonra, nəhayət, nəhəng stadiona çatdım.
Artıq “vur, vur”, “oley, oley, oley”-dən tutmuş bəzəkli söyüşlərə qədər hər şey eşidilirdi.
Ətrafdakı polis nəfərlərinin və azarkeşlərin qəribə müşahidələri altında yavaş-yavaş yoxlama qapısına yaxınlaşdım.

Yoxlamada polisin oğlan azarkeşlərin üzərini yoxlaması bir az qəribə gəldi.
Bir anlıq özümü təhlükədə hiss etdim.
Biletin batmaması üçün birtəhər canımı boğazıma tutaraq udqunub balaca, dar, fırlanan bir qapıdan özümü içəri atdım.

Nəhayət, nəhəng stadionun dörd bir tərəfini dairə vurduqdan sonra giriş hissəni tapdım.
Bilet yoxlayan “harada istəyirsən, əyləş” dedi.
Qarşı tərəfdə alman azarkeşlər komandalarına dəstək üçün çılğınlıqla bağırırdılar.
Alman media nümayəndələri meydanın hər küncündə idilər.
Çünki canlı reportaj hazırlayırdılar.

Əyləşdiyim sıra yerlilərimizin olduğu cərgə idi.
Bura macəra dolu anlar yaşamaq üçün kifayət edirdi.
Oyunun artan hər dəqiqəsində azarkeş “qədeşlər”imiz əsl məharətlərini göstərirdilər.
Qəribə baxışlar... və s.

Özlərini evdə divanda hiss edərək əllərində tum dənələri olan bu “qədeşlər”in söyüş, təhqirlə “ala, vur, vuuur ...........” deməsi məni lap çilədən çıxarırdı.
Ətrafdakı su butulkalarının istənilən nəticə olmayanda futbolçulara hədəf olacağı aydın məsələ idi.
Onsuz da fiziki cəhətdən yorğun idim.

Onların “gədə-güdəli” hərəkətləri məni daha çox yorurdu.
Elektron cədvəldə hesabın qonaqların xeyrinə olması, azərbaycanlı azarkeşlərin alman azarkeşlərinə çevrilməsi getməyimi tələsdirdi.

Alman jurnalist heyətinin isə mənə gözləri bərəli şəkildə baxmasını isə anlaya bilmirdim.
Bunu öz-özlüyümdə iki səbəblə əlaqələndirdim: “Ya məni zahirdən özlərinə bənzətmişdilər, ya da bizimkilərin ünvanladığı bəzəkli kəlmələrin anlaşılması idi”.

Bütün bunlar oyundan hələ ilk 15 dəqiqə keçdiyi anda baş vermişdi.
Gəldiyim kimi də qayıtdım.

Get-gedə arxa fonda qalan isə eşitdiyim sözlərin səslə ifadəsinin öləziməsiydi.


Müəllif: İmamət İsmayıl