19 İyun 2014 10:13
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında artıq bütün komandalar ilk oyunlarını keçiriblər. Təbii ki, bir oyunla hansısa komandanın gələcək durumu haqqında nəsə fikir bildirmək olmaz, ancaq hər halda ilk oyunlardan çıxartdığımız nəticələrə görə iştirakçı komandaların hazırkı vəziyyətləri haqqında nəsə fikir bildirə bilərik.

“A” qrupunda hələlik hər şey gözlənilənə uyğun gedir. Braziliyanın və Meksikanın ilk oyunlardakı qələbələri gözlənilən idi. Ancaq ev sahiblərinin Xorvatiya qarşısında çətinə düşməsi, mübahisəli penalti qərarı onların qələbəsinə kölgə saldı. “Pentakampeonlar”ı çempionluq üçün real namizəd elan eləmək üçün hələ çox erkəndir.

“B” qrupu isə sensasiya ilə başladı. İlk turun iki mərkəzi oyunundan biri hesab olunan qarşılaşmada Hollandiya İspaniyanın daşını daş üstə qoymadı. Kağız üzərindəki heyəti ilə aşkar favorit olan “matadorlar” Hollandiya qarşısında çilik-çilik oldular. Hakimin bu oyunda təyin elədiyi və ispanların hesabı açmağa peşman olduğu penalti də kifayət qədər mübahisəli qərar idi. Qrupun digər oyununda Çili Avstraliyanı yenərək mövqeyini yaxşılaşdırdı.

İstənilən nəticənin sürpriz hesab edilməyəcəyi “C” qrupunda Kolumbiya Yunanıstanı, Fil Dişi Sahili isə Yaponiyanı yenərək iddiaların ortaya qoydular. Radamel Falkao kimi bir qoleadorun yoxluğunda belə Yunanıstan kimi müdafiə futbolu oynayan bir komandaya 3 qol vurmaq Kolumbiya yığması adına alqışlanası məqamdır.

Ölüm qrupu adlandırılan “D” qrupu əsl sürprizlə başladı. Yəqin, heç bir futbol azarkeşi Uruqvay yığmasının Kosta Rika millisinə yeniləcəyini ağlından keçirmirdi. Ancaq kağız üzərində kimin güclü olmasının bir əhəmiyyəti yoxdur, meydanda kim güclüdürsə, o da qalib gəlir.


Digər matçda isə İtaliya millisi İngiltərə üzərində qələbə qazanaraq ilk mərhələnin ikinci mərkəzi oyunundan üzüağ çıxdı.

İsveçrənin Ekvadoru, Fransanın isə Hondurası yendiyi “E” qrupunda hər şey gözlənilənə uyğun idi. Ancaq oyun hakiminin verdiyi bəzi qərarlar fransızların qələbəsini azca da olsa, kölgələyə bilər.
“F” qrupunda Argentinanın Bosniyanı yenəcəyi gözlənilsə də, balkanlıların yaxşı oyunu, asan təslim olmaması gələcək oyunlar üçün ümidverici nəticədir. Digər matçdan bərabərliklə ayrılan Nigeriya və İran yığmalarının görüşü isə sönük və maraqsız mübarizə ilə yadda qaldı.

Almaniyanın Portuqaliyanı yenəcəyi barədə çox adam proqnoz verə bilərdi, ancaq hesabın 4-0 olacağına ən nikbin alman azarkeşlər də inanmazdı. “G” qrupunun sürprizi bu matçda reallaşdı. Nəticə deyil, hesab olduqca təəccüblü idi. Digər oyunda isə milli komandamızın baş məşqçisi Berti Foqtsun məsləhətlərindən istifadə eləyən ABŞ yığması Qana üzərində minimal hesablı qələbə qazanaraq ilk oyununu uğurla başa vurdu.

Və nəhayət, sonuncu - “H” qrupunun komandaları da ilk oyunlarını keçirdilər. Gənc və dinamik oyunçulardan təşkil olunmuş və çox böyük ümidlər bəslənilən Belçika yığması proqnozların əksinə, Əlcəzairlə oyunda bir xeyli çətinlik çəkdilər. Ancaq hesabda geri düşmələrinə baxmayaraq, sona yaxın toparlanmağı bacaran gənc ulduzlar yekunda qələbəni bayram edən tərəf oldular. Digər oyunda isə şimal qonşumuz Rusiya Cənubi Koreya millisi ilə bərabərə qaldı.

Sonda turnirlə bağlı hələlik iki maraqlı fakt:

1. Bakı vaxtı ilə gecə saat 00:00-da başlayan oyunlarda (İran-Nigeriya qarşılaşması istisna olmaqla) hakimlərin komandalardan birinin qapısına penalti təyin ediblər.

2. Almaniya-Portuqaliya matçı istisna olmaqla, digər oyunlarda penalti qolu ilə önə keçən komanda sonda məğlub olub.


Müəllif: Zaur Xudiyev