Üç yüzə yaxın xəstə böyrək köçürülməsi üçün növbə gözləyir - Fariz Babayev

29 İyun 2016 13:19 (UTC+04:00)

Bu ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın xəstəyə qeydiyyata alınıb və onların hər birinə hemodializ müalicəsi edilib".

Teleqraf.com-un məlumatına görə, bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Klinik Tibbi Mərkəzdə keçirilən dəyirmi masada bildirib.

Fariz Babayevin sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur: "Xəstəlik hər bir yaş qrupunda qeydə alınır. Azərbaycanda bu xəstəliyə daha çox orta yaşlı insanlarda rast gəlinir. Xüsusilə 35-50 yaş arasında olanlarda xroniki böyrək çatışmazlığı xəstəliyi qeydə alınır. Bu təəssüf doğursa da, reallıqdır. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır”.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir. Hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir".

F.Babayevin sözlərinə görə, bu gün Azərbaycanda şəkərli diabet və hiporteniya xəstələrinin sayının artması böyrək çatışmazlığı xəstəliyinin artmasına da səbəb olub: “ 5 il bundan qabaq Azərbaycanda hemodializ xəstələrinin say göstəricisini araşdıranda bunun səbəbləri arasında böyrək çatışmazlığı birinci sırada idi. Lakin bu gün 27,4 faiz xəstədə xəstəliyin əsas səbəbi şəkərli diabet xəstəliyidir".

Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinin müdiri Mirhəşim Calalov isə bildirib ki, hazırda xəstəxanada böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 xəstə dializ alır: “ Azərbaycanda 2003-cü ildə dializin tətbiq olunması zamanı ciddi problemlər olsa da, bu gün ölkədə Səhiyyə Nazirliyinin göstərişinə əsasən, hemodializ xəstələri 70 adda dərmanla təmin olunur”.

İlhamə