Putin Bakıya niyə zəng edib? - ŞƏRH

24 İyun 2014 17:39 (UTC+04:00)

"Vladimir Putin Qəbələdə keçirilən Rusiya-Azərbaycan forumunu effektiv etmək üçün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Adətən, hökumətlərarası danışıqları faydalı etmək üçün prezidentlər səviyyəsində razılıq əldə olunur.

Putin bilir ki, prezident İlham Əliyevin razılığı olmadan hökumət nümayəndələri səviyyəsində iki ölkə arasında heç bir razılıq əldə oluna bilməz. Nəzərə almaq lazımdır ki, Azərbaycanın xarici siyasi kursunu prezident müəyyənləşdirir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli iyunun 23-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsinə münasibət bildirərkən qeyd edib.

Rəsmi məlumata görə, prezidentlərin telefon danışığı zamanı regionda baş verən siyasi proseslər müzakirə olunub. Putin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hərtərəfli yardım göstərməyə hazır olduqlarını bəyan edib.

Q.Hüseynli bildirdi ki, prezidentlərin danışığında Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər müzakirə olunub: "Rusiyanın xarici siyasətində Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı prioritetdir. Azərbaycanın həmin ittifaqlarla bağlı rəsmi mövqeyi var. Qeyd olunub ki, rəsmi Bakının həmin ittifaqlara qoşulmaq kimi bir niyyəti yoxdur. Doğru mövqedir. Həmin ittifaqlarda aparıcı dövlət Rusiyadır. Azərbaycanın Rusiya ilə münasibətləri yaxşıdır. İndi bu münasibətləri strateji səviyyəyə qaldırmaq lazımdır. İllik ticarət dövriyyəsinin 2 milyard dollardan daha yuxarı məbləğə qədər qaldırılmasının vacibliyi və mümkünlüyü qeyd olunur. Avrasiya İqtisadi İttifaqında təmsil olunan Qazaxıstan və Belarusla bizim əlaqələrimiz zəif də olsa, var. İqtisadi əlaqələrin qurulması üçün iqtisadi potensialın olması vacibdir. Büdcəsi neft və qazdan əldə olunan gəlirlər hesabına formalaşan ölkələr arasında hansı iqtisadi əlaqələrdən söhbət gedə bilər? Görünən odur ki, bu gün Putinə formal xarakter daşısa da, belə ittifaqlar lazımdır. Birqütblü dünya siyasətinin qarşısını almaq üçün Putin hərəkətə keçib. Bu siyasəti reallaşdırmaq çətin olacaq. Belarus, Qazaxıstan, Ermənistan kimi ölkələrdə Qərbə alternativlik etmək düzgün olmayacaq".

Politoloqa görə, Dağlıq Qarabağ məsələsində Putinin Azərbaycana köməklik göstərməsi üçün kifayət qədər əsas və yollar var: "Kremlin siyasi iradəsi olsa, Dağlıq Qarabağ münaqişəsi qısa müddətə həll olunar. Məsələ burasındadır ki, Rusiya da Fransa və Amerika kimi ətraf rayonları Dağlıq Qarabağdan ayırır və Dağlıq Qarabağa status verilməsini təklif edir. Azərbaycan Ermənistan istisna olmaqla qonşu dövlətlərlə mehriban münasibətlərdədir. Amma strateji əməkdaşlığın mərkəzində Dağlıq Qarabağ məsələsi dayanır. Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Azərbaycana birmənalı dəstək verməyən ölkə ilə strateji müttəfiqlik etmək çətindir. Əgər Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görmək istəyirsə, o zaman başlatdığı münaqişəni həll etsin, ədalətin təmin olunmasına çalışsın".

Q.Hüseynli qeyd etdi ki, Putinlə İlham Əliyev arasında olan telefon danışıqlarının mahiyyəti bu ayın sonu gələn ayın əvvəlində məlum olacaq.

Ruslan