Dul olsalar dərd yarı

25 İyun 2014 10:47 (UTC+04:00)

Onların sayı 250 milyonu çoxdan ötüb. 250 milyonsa Azərbaycan əhalisindən təxminən 25 dəfə çox insan deməkdir. Bu sosial təbəqənin kompakt yaşayış yeri, adət-ənənəsi-filanı yoxdur. Onlar sadəcə bəxt ortaqlarıdı. Planetin ayrı-ayrı məkanlarında tənha gün-güzəran sürürlər. Onlara dul qadın deyirlər, yəni əriölmüşlər. Ərazisində müharibə gedən ölkələrdə sayları daha çox olur. Kişilərin kütləvi məhvi zamanı ailələr başsız, qadınlar dul qalır axı. Bax onlardan danışacağıq.

***

Amma dul da var dul. Elə dul var, tək özünə yox, başqalarına da ad-san gətirir. İnanmırsız? Olmuş hadisədi. Avropanın klassiklərindən birinin - Motsartın dul xanımı bəstəkarın ölümündən altı il sonra danimarkalı diplomat Georq Nikolaus fon Nissenlə tanış olur. Çox keçmir evlənirlər. 1823-cü ildən etibarən həmin diplomat Motsartın tərcümeyi-halını yazmağa başlayır, bəstəkarın ictimai yük daşıyan məktublarını çapa hazırlayır, amma ömür vəfa etmir, diplomat dünyasını dəyişir, bütün xoşməramlı işləri də qalır yar-yarımçıq. Amma bir sevginin nəticəsində adamın baş daşındakı son təqdimat da dəyişir. Onu öz nəslinin-kökünün nümayəndəsi kimi dəfn edənlər qəbir daşına bir cümlə də əlavə edirlər - Motsartın dul xanımının əri. Bax belə. Bu da duldu. Mərhum ərinin adının şöhrətilə tək özünü yox, növbəti ərini də tanıtdırıb, yaşadıb, tarixə çevirib.

***

Bizdə dul qadınlara həmişə bir az alayı cür baxıblar. Dulsansa - təzə gəlinin güzgüsünü tuta bilməzsən. Təksənsə - toy mərasimində şam da verməzlər əlinə. Bu, hələ eyb etməz - mərasimlər ildə-ayda bir olur. Dulsansa, cəmiyyətin sənə münasibəti dəyişir - kökündən dəyişir. Və zahirən meymundan bir az fərqlənirsənsə, demək, başın dinc olmayacaq. Bu, müasir Azərbaycan cəmiyyətinin reallığıdı.

***

Bir çin müdrikindən soruşurlar - qadınlardan hansı qadın öz ərinin yerini dəqiq söyləyə bilər. Kim əlini ürəyinin üstünə qoyub deyə bilər ki əri haradadır. Çin müdriki bu suala bilirsiz nə cavab verir? Yalnız dul qadın rahat və əminliklə söyləyə bilər ki, əri qara torpağın altındadır.

***

Elə ölkələr var ki, əri öləni ümumiyyətlə bədayaq, xeyirverməz, uğurgətirməz hesab eləyirlər. Yəni yaxşı adam olsaydı - belə deyək, ərinin başını yeməzdi. Və bu fikir təzə fikir deyil. Həmişə elə çox yerdə belə düşünüblər. Hətta bəzi yerlərdə əri ölən qadını intihar etməyə məcbur edirmişlər. Çində bu rituallar 5-ci əsrdən düz 20-ci əsrə kimi icra olunub. Hindistanda eyni ənənəni 19-cu əsrəcən davam etdiriblər. Məqsəd? Yəni ölmüş kişinin dul qadınına kimsə pis gözlə baxmasın. Köçəri xalqlar isə əsrlər boyu başqa üsula əl atıblar. Dul qadınları intihardan xilas etsələr belə, cinsiyyət orqanlarını məhv edərmişlər. Ki rəhmətliyin ruhuna sadiq qalsınlar.

Amma elə toplumlar olub ki, dul qadının ikinci dəfə ailə qurmaq haqqını tanıyıb. Bəzi millətlərdə ərin qohumları və ya kilsələr dul qadını saxlamağa məcbur ediliblər, bəzi toplumlar.

Bizim millətdə illər uzunu bu adətin daha pisi dəbdə olub. Əri ölən qadını öz dost-doğma qaynına ərə veriblər. Əslində, elə bu adət də əxlaqsızlığın rəsmiləşdirilməsi kimi bir şey. Dünənəcən qardaşın, doğman hesab etdiyin qaynın birdən dönüb olur şiri-nər bir ər. Adam qardaşının qeyrəti bilib bacı dediyinə indi tamah salır, göz dikir, halalı olsa da, hər halda yatağa çəkir.

Bu gün əri olanlardan, amma əri diri ikən, özü dul kimi bir zad olanlardan danışmaq istədim. Belələri varmı, sizcə? Var özü də az deyil. Onlar dul deyillər. Onların ərləri sapsağlam bul baltası kimi kişilərdi. Amma varlıqları ilə yoxluqları bilinməz. Xəstədirlərmi? Hansı mənadasa kişilikdənmi düşüblər? Yerimiz az, faktımız çox olduğundan bu sualların cavabı qalsın gələn köşəmizə. İkicə gün sonra mən deyəcəm, siz xəbər tutacaqsınız.