Ərdoğan Suriya ssenarisini açıqladı

7 Sentyabr 2016 10:38 (UTC+04:00)

Çində keçirilən “Böyük iyirmilik” liderlərinin sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com həmin açıqlamaları təqdim edir:

“Merkel bu məsələyə obyektiv yanaşır”

“Sammitin 5-ci bölməsi terrorçuluq və miqrant problemi idi. Baş məruzəçi mən idim. Təəssüf ki, dünya miqrant böhranı ilə bağlı müsbət addımlar ata bilmir. Bəzi ikitərəfli görüşlər keçirdik. Bunlar arasında Putin, Obama və Merkel ilə görüşlər də vardı. Merkelin miqrant böhranına daha obyektiv yanaşdığını açıq deyə bilərəm”.

“Şərqə çəkilsələr məsələ qalmaz”

“Bildiyiniz kimi, hazırda Cerablusdakı əməliyyatlar cənuba doğru yönəlir. Suriyadakı müxalif qrupların əsgərlərimizə dəstək verməsi çox vacibdir. Əl Balın azad edilməsi, daha sonra Münbiçə doğru irəliləmə planımız var. ABŞ YPG-nin Fəratın şərqinə doğru çəkildiyini deyir. Biz isə onlar hələ çəkilmədilər deyirik. Əgər onlar çəkilsələr, məsələ qalmaz. Cerablus hazırda yerli xalqın əlindədir”.

“Bayramda atəşkəs ola bilər”

“Bunu açıq deməliyik: Türkiyə Suriyadakı qardaşlarına dəstəyini davam etdirəcək. Son əməliyyatlardan sonra Suriya xalqında özünəinam yaranıb. Bircə Hələbdə çətin vəziyyət hökm sürür. Obama və Putinlə bunu müzakirə etdik. Xarici işlər nazirlərimiz də üçtərəfli görüş keçirəcək. Düşünürəm ki, bayramdan əvvəl Hələbdə atəşkəs əldə ediləcək. Putin 2-3 gün ərzində məsələni həll edəcəyini dedi”.

“ABŞ ilə birlikdə Rakkanı azad etməyə hazırıq”

“Rakka - İŞİD terror təşkilatının paytaxtı kimi tanınır. Obama Türkiyə ilə birlikdə Rakkanı azad etməyi təklif etdi. Biz buna müsbət cavab veririk. Bununla bağlı iki ölkə nümayəndələri müzakirələr aparmalıdır”.

“ABŞ ilə FETÖ məsələsini həll etməliyik”

“ABŞ rəhbərliyi ilə Fətullahçı Terror Təşkilatı (FETÖ) məsələsini həll etməliyik. Araşdırmalar zamanı ortaya çıxan bütün sənədləri ABŞ-a göndəririk. Sentyabrın 18-də BMT Baş Assambleyası başlayır. Ora da müraciət edəcəyik. İnşallah, ABŞ-dakı FETÖ sistemini çökdürəcəyik”.

Samir