Oqtay Əsədov Strasburqa gedir

10 Sentyabr 2016 14:39 (UTC+04:00)

Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək. Bu barədə Teleqraf.com-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.

AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.

Səfər çərçivəsində Milli Məclis sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 16-da başa çatacaq.

Səxavət