Arif Məlikov: “Tamaşalara görə Braziliyada 21 saat uçmuşam”

14 Sentyabr 2016 14:30 (UTC+04:00)

Azərbaycanın dünya şöhrətli bəstəkarı Arif Məlikovun ad günü münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkarın əsərlərindən ibarət konsert keçirilib.

Teleqraf.com xəbər verir ki, konsertdə Arif Məlikovun musiqiləri respublikanın əməkdar artisti Ramil Qasımovun ifasında səslənib. Konsert dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin müşayiəti ilə baş tutub.

Tədbirin sonunda səhnəyə dəvət olunan səbəbkar Arif Məlikov konsertin məhz doğum günündə gerçəkləşməsini dəyərli və gözlənilməz hədiyyələrdən biri kimi dəyərləndirib: “Konsertdə ifa edilən musiqilərin hər birini Ramil özü seçib və seçimi çox gözəl aparıb. Onun ifa tərzi özünəməxsusdur, həm də mahnılara obraz verməsi məni bir bəstəkar kimi sevindirdi”.

Arif Məlikov hər bir insanın ürəyində arzu və istəyinin olduğunu bildirib: “Bu arzuların hər biri həyata keçəndə insan sevinir. Dünyanın ən mötəbər səhnələrində 55 ilə yaxın “Məhəbbət əfsanəsi” yaşayır. 60-a yaxın dünya teatrlarında premyera vermişəm. Bu, asan məsələ deyil. Braziliyada tamaşalara görə 21 saat uçmuşam”.

Ramil Qasımov Arif Məlikovun hər bir musiqisində fərqlilik və özünəməxsusluq olduğunu bildirib: “O bir dühadır ki, bütün dünya onu tanıyır və Azərbaycan bəstəkarı olaraq musiqiləri ilə hər kəsin ürəyini fəth edib. Ən önəmlisi odur ki, Arif müəllim həm də musiqiləri üçün yazılmış sözlərə önəm verib. Bu da musiqiləri daha da dərinləşdirir. Arif müəllimin hər bir musiqisi sözlə vəhdət təşkil edir. Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da uğurla davam edəcək”.

Nərmin