“Lənkəranskinin həyatı barədə çox bilsək yaxşıdır” - Şahbaz Xuduoğlu

19 Sentyabr 2016 17:42 (UTC+04:00)

“Qanun” Nəşrlər Evinin avtoritet Rövşən Lənkəranskidən bəhs edən kitab nəşr etməsi sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Məsələ ilə bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. O, Teleqraf.com-a açıqlamasında kitabın nəşrinə aydınlıq gətirib: “Lənkəranskinin nəşi Azərbaycana gətirilən gün bizim kitab yarmarkamız var idi. Mən feysbukda yazmışdım ki, başa düşürəm, xalqın başı qarışıqdır, kədərlidir. Amma kitab yarmarkamızı da nəzərə alın.

Bu sözləri ona qarşı olduğum üçün yazmamışdım. Lənkəranskinin kədəri, onun ailəsinin kədəridir. Azərbaycanın kədəri deyil. Lənkəranski özü, dostları üçün yaşayıb. Onun xidmət etdiyi dəyərlər bizim dəyərlərimiz deyil. Onun yaxşı cəhətləri ola bilər. Bu, başqa məsələdir. Eyni sahədə, eyni cəbhədə, eyni baxış bucağında yaşayan insan deyilik.

İndi də o fikrimdə qalıram. Ancaq belə insanlar haqqında da kitablar yazılmalıdır. Ona görə də Bəhram Çələbi bizə müraciət edəndə (kitabın müəllifi) razılaşdıq. Kitabda dostlarının, özünün fikirləri var.

Bu topluda onun haqqında bilinməyən məlumatlar yer alıb. Mən hesab edirəm ki, məlumatlı cəmiyyət daha dolğun və mükəmməldir. Lənkəranski haqqında çox bilsək, daha yaxşı olar. Az bilmək bütləşdirmək əlamətidir. Ona görə də kitabı nəşrə hazırlamaq qərarı aldıq. İndi bizi qınayırlar ki, niyə kitab nəşr etdiniz? İnanın, bizi qınayanların çoxu onun dəfninə gedən insanlardır”.

Rəqsanə