Əfqanıstanda silahlı müxalifətlə barışıq sazişi imzalandı - savaş bitir?

22 Sentyabr 2016 15:53 (UTC+04:00)

Əfqanıstanda silahlı müxalifət qruplarından Gülbəddin Hikmətyarın liderlik etdiyi Hizbi-İslam Partiyası ilə hökumət arasında barışıq sazişi imzalanıb.


Teleqraf.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, imzalanma mərasimində Ali Barışıq Şurasının sədri Pir Said Əhməd Geylani sülh təklifini qəbul etdiyi üçün silahlı müxalifət partiyasına təşəkkür edib. Digər silahlı qrupları da sazişə qoşulamağa səsləyib.

Hizbi-İslam Partiyasının təmsilçisi Amin Kərim bundan sonra əfqan xalqının xeyrinə və xarici qüvvələrin ölkədən çıxması naminə mübarizə aparacaqlarını bəyan edib. O, partiyasının hakimiyyətdə təmsilçilik iddiasının olmadığını söyləyib.

26 səhifəlik sazişdə Gülbəddin Hikmətyarın və partiya üzvlərinin adlarının beynəlxalq terror siyahılarından çıxarılması və onların Kabildə təhlükəsiz yaşamaları üçün şərait yaradılması əks olunub.

Hizbi-İslam təşkilatı 14 il paytaxtda və digər şəhərlərdə əcnəbi və təhlükəsizlik qüvvələrinə qarşı kamikadze hücumları təşkil edib.

Mahir