“Taleh Bağırovun tərəfdarında silah aşkarlandı” – YENİLƏNDİ

28 Sentyabr 2016 17:37 (UTC+04:00)

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, zərərçəkmiş Ramil Salmanovun dindirilməsi davam edib.

Daha sonra idarənin əməkdaşı, zərərçəkmiş Firuz Mehdiyev ifadə verib. O, Nardanda keçirilən əməliyyat zamanı təqsirləndirilən Əbülfəz Bünyatovu zərərsizləşdirdiyini bildirib.

Məhkəmə prosesi sentyabrın 30-da davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Abbas Hüseynovun məhkəmədə iştirakına icazə verilib.

Abbas Hüseynovun bundan əvvəlki proseslərdə səs-küy salmasına diqqət çəkən hakim bildirib ki, o, etirazını vəkilinə deməlidir. Abbas Hüseynov isə heç bir qanun pozuntusuna yol vermədiyini iddia edib.

Daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, zərərçəkmiş Ramil Salmanov ifadə verib.

O, Nardaranda əməliyyat zamanı iştirak etdiyini deyib: “Əməliyyat zamanı təqsirləndirilən Cahat Balakişizadəni zərərsizləşdirmişəm. Ondan silah aşkar olunub. Evdə uşaq və qadın görməmişəm”.

Zərəçəkmiş prokuror və vəkillərin suallarını cavablandırıb. O, sualları cavablandırarkən hadisə zamanı çox şey xatırlamadığını bildirib.

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov