Gələn il büdcəyə kim nə qədər ödəyəcək? - SİYAHI

29 Sentyabr 2016 13:43 (UTC+04:00)

Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və yaxud 5,2 faiz azdır.

Teleqraf.com xəbər verir ki, 2017-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat proqnozlaşdırılır, bu, 2016-cı illə müqayisədə 1 milyard 895,0 milyon manat və ya 10,2 faiz az deməkdir.

2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 210 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6 milyard 100 milyon manatı ARDNF-dan transfertlərin, 2 milyard 200 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445 milyon manatı isə digər gəlirlərin payına düşür.

Büdcəyə ARDNF-dan transfertləri 2016-cı illə müqayisədə 1 milyard 515 milyon manat və ya 19,9% azalır.

Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,6 faizi həcmində olmaqa 7 milyard 210 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 200,0 milyon manat və ya 2,9 faiz, 2015-ci ilin faktı ilə müqayisədə isə 91,8 milyon manat və ya 1,3 faiz çoxdur.

Proqnozlaşdırılan daxilolmaların 75,7 faizi və ya 5 milyard 455,0 milyon manatı qeyri-neft sektorunun, 24,3 faizi və ya 1 milyard 755,0 milyon manatı neft sektorunun payına düşür.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu ÜDM-in 3,5 faizi həcmidə olmaqla 2 milyard 200 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390 milyon manat və ya 21,5 faiz çox, 2015-ci ilin faktı ilə müqayisədə isə 608,1 milyon manat və ya 38,2 faiz çoxdur.

Daxilolmaların artımla proqnozlaşdırılmasının əsas səbəbləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin təsirinin, elektron gömrük bəyannamələrin qəbulunun və manatın devalvasiyasının təsirlərinin nəzərə alınmasıdır.