İRNA-nın rəhbəri Mətbuat Şurasında oldu – FOTOLAR

30 Sentyabr 2016 16:39 (UTC+04:00)

İran İslam Respublikasının İRNA İnformasiya Agentliyinin rəhbəri Məhəmməd Həddadi Azərbaycan Mətbuat Şurasında olub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O bildirib ki, Azərbaycan jurnalistlərinin özünütənzimləmə orqanı olan Mətbuat Şurası dünyanın bir çox nüfuzlu media təşkilatları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlığa müxtəlif ölkələrin aparıcı kütləvi informasiya vasitələri ilə ikitərəfli münasibətlər də daxildir. “İran və Azərbaycan xalqları arasında möhkəm tarixi bağlar var. Bu bağlılıq İran və Azərbaycan dövlətlərinin hazırkı əlaqələrində də əsas məqamı təşkil edir. Düşünürəm ki, hazırda əlaqələr çox yüksək səviyyədədir və mövcud durumda hər iki ölkənin media qurumlarının bir-birinə yaxın olması son dərəcə faydalıdır”, – deyə Ə.Amaşov əlavə edib.

Görüşdə İran və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkil olunması, bu xüsusda digər müxtəlif tədbirlərin həyata keçirilməsi yolları ətrafında müzakirələr gedib. İRNA İnformasiya Agentliyinin rəhbəri M.Həddadi rəhbərik etdiyi qurumun prosesə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin ümumən Xəzər dənizi ölkələri jurnalistlərinin regional görüşlərinin keçirilməsi məsələsinə də toxunulub, mövcud istiqamətdə birgə təşəbbüsün qaldırılması ilə bağlı anlaşma əldə olunub.

Səxavət