Çingiz Qurbanovun atası: “Qoy hamı görsün, eşitsin ki...” - ÖZƏL

7 Fevral 2017 18:33 (UTC+04:00)

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Çingiz Qurbanovun atası Salman Qurbanov Teleqraf.com-a açıqlama verib.

O bildirib ki, Prezidentin məlum sərəncamından az öncə xəbər tutub: “Cənab Prezidentin sərəncamı barədə bu gün axşam eşitdim. Allah Prezidentimizin canını sağ eləsin. O, bizim şəhidlərin qəhrəmanlığını heç vaxt unutmur. Qoy hamı görsün, eşitsin ki, cənab Prezident şəhidlərimizin xatirəsini əziz tutur, onların valideynlərinin və bütövlükdə vətəndaşların yanındadır. Bir daha “Allah onun canını sağ eləsin” deyirəm”.

Hazırda Qusar rayonunda olan S.Qurbanov məlum sərəncam barədə ona Bakıdan zəng vuraraq xəbər verildiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla əsgər Çingiz Qurbanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Ç.Qurbanov ötən il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində bu il fevralın 5-də qarşı tərəfdən alınıb. Ç.Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Səxavət