“Ölkəyə gətirilən cənazələr diqqətlə yoxlanır” - Sanitariya-Karantin Müfəttişliyi

15 Fevral 2017 11:17 (UTC+04:00)

“Ötən il 19 telefonoqram vasitəsilə 24 hərarətli şəxs barədə məlumat verilib və ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində “donuz qripi” xəstəliyi qeydə alınmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Sanitariya-Karantin Müfəttişliyinin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balaşov bu gün keçirdiyi mətbuat konfransinda deyib.

O bildirib ki, 2016-cı il ərzində “donuz qripi” xəstəliyinə görə epidemioloji vəziyyəti gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəlilər və temperaturlular barədə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən Respublika Sanitariya-Karantin Müfəttişliyinə müxtəlif məlumatlar daxil olub: "Həmin şəxslərin tibbi müşahidəyə alınmaları məqsədilə vaxtında telefonoqramlar vasitəsilə Respublika Gigiyena və Epidemiologiya mərkəzinə ötürülüb. Yoxlamalar zamanı "donuz qripi" aşkar edilməyib".

Şöbə müdiri qeyd edib ki, ötən il iyunun 28-də müfəttişliyə bir nəfər AİDS-lə yoluxmuş xəstə barədə məlumat daxil olub və müvafiq tədbir görülməsi üçün AİDS-lə Mübarizə Mərkəzinə məlumat verilib.

Yadulla Balaşov qeyd edib ki, respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub ki, cənazələr arasında yoluxucu xəstəliklərlə vəfat etmiş şəxs olmayıb: “ Yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.

İlhamə ƏBÜLFƏT