Qarlı hava nə qədər davam edəcək? - PROQNOZ

17 Fevral 2017 10:01 (UTC+04:00)

“Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”.

Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: “Hazırda həm bölgələrdə, həm də paytaxtda qar yağır. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək”.

Gülşad Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: “Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir”.

Onun sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.