Səlim Müslümov: “79 ailəyə biznes qurmaq üçün mal və material təqdim olunub”

17 Fevral 2017 12:28 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb.

Görüşdə vətəndaşların imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluq, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, özünüməşğulluq proqramına cəlb olunma, sosial sığorta münasibətləri və sair məsələlərlə əlaqədar müraciətləri dinlənilib.

Nazir bildirib ki, ötən ildə nazirliyin məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunub. Onlardan 3 805 nəfəri Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri olub. Habelə bu dörd rayon üzrə keçən il 144 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Hazırda Prezidentin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən aztəminatlı ailələrin özünüməşğulluğuna şərait yaradılması üçün belə ailələrə dəstək qismində lazımi aktivlər alınıb verilir. Bu məqsədlə son günlərdə artıq 79 ailəyə öz fərdi təsərrüfatlarını, bizneslərini yaratmaq üçün mal və materiallar təqdim olunub”.

İlhamə ƏBÜLFƏT