Bəzi əyləncəli tədbirlər ləğv olundu - Formula 1 yenilikləri

20 Fevral 2017 10:57 (UTC+04:00)

"Formula 1 Azərbaycan Qran Prisi üçün satılan biletlərin 60 faizi Rusiyadan alınıb".

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, ötən illə müqayisədə bu il bilet satışı daha sürətlə gedir: "Bilet satışı üzrə onluğa daxil olan ölkələr siyahısında Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, ərəb ölkələri liderdir. Artıq biletlər 40-dan çox ölkədə satılıb.

Hədəf ərəb ölkələrinin, Böyük Britaniya və Rusiya fanatlarının daha çox bilet almasıdır.

Bildiyiniz kimi, Böyük Britaniyada Formulu 1 fanat kütləsi çoxdur. Sevindirici haldır ki, bu ilki Qran Priyə Azərbaycan vətəndaşları daha çox maraq göstərir. Onlar satış nöqtələri ilə yanaşı, onlayn qayda da bilet əldə edirlər. Biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik".

Filarmoniya və Abşeron tribunalarına biletlərin daha çox satıldığını vurğulayan Nigar Arpadarai əlavə edib ki, Bakı adi şəhərdən Formula 1 trekinə çevriləcək: "Tribuna və təhlükəsizlik baryerləri may ayında qurulmağa başlayacaq. Hazırda işlərimiz tam sürətlə davam edir".

Nigar Arpadarai bəzi əyləncəli proqramlardan imtina edilməsinə də aydınlıq gətirib: "Biz keçən il 2 kilometrlik əyləncə zonası ayırmışdıq. İnsanların daha çox canlı əyləncələrə meyl göstərdiyinin şahidi olduq. Məsələn, uçan turbin adlı maraqlı əyləncəyə maraq yox idi. Bu il həmin atraksion olmayacaq".

O, bu il əcnəbi ulduz səfirin nəzərdə tutulmadığını da açıqlayıb: "Ötən il pilot Fernando Alonso ulduz səfir idi, onun Azərbaycanın ev sahibliyi etdiyi Formula 1 yarışının təbliğinə çox köməyi dəydi. Bu il isə əcnəbi ulduz səfir olmayacaq, bir neçə tanınmış şəxslə müqavilə əsasında təbliğatımızı quracağıq".

Nərgiz Cavadazadə