“İrana təzyiqlər gücləndirilməlidir” - Səudiyyə və İsraildən sərt ittihamlar

20 Fevral 2017 14:01 (UTC+04:00)

Almaniyanın Münhen şəhərində keçirilən 53-cü Təhlükəsizlik Konfransında çıxış edən İsrailin müdafiə naziri Aviqdor Liberman İranın Orta Şərq ölkələrinə qarşı təhdidindən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Amerika pezidenti Donald Trampla son görüşündə regionla bağlı məsələləri müzakirə etdiyini deyib.

Liberman deyib ki, Vaşinqtonla Təl-Əvivin bir sıra regional təhlükələrlə bağlı mövqeyi üst-üstə düşür: “Bu gün Orta Şərqin üz-üzə qaldığı ən mühüm problem İran, onun nüvə proqramı, rəsmi Tehranın raket sənayesini genişləndirməsi və bütün Orta Şərq bölgəsinə öz silah-sursatını göndərməsidir. İran BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşır, Şimali Koreya ilə raket istehsalı sahəsində əməkdaşlıq edir. Bundan başqa, İranın ötən il buraxdığı raketlərin üzərində ivrit dilində “İsrail yer üzündən silinməlidir” şüarı yazılıb. Bu isə beynəlxalq qanunlara ziddir.

İran həmçinin bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışır, onları, o cümlədən də Səudiyyə Ərəbistanını təhdid edir, onun sabitliyinə təhlükə törədir. İranın əsas hədəfi isə regionda radikal və ekstremist qüvvələrə dəstək verməklə Səudiyyə Ərəbistanını və onun regional mövqeyini zəiflətməkdir. Ərəb ölkələri İran təhdidinin qarşısını almaq üçün İsraillə birləşməlidirlər”.

“İran dünyada terrorizmin ən böyük himayədarıdır”

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr də Təhlükəsizlik Konfransında çıxış edərək İrana qarşı sərt bəyanatlar səsləndirib.

Adil əl Cebeyr bildirib ki, hazırda Orta Şərq bölgəsində yaşanan mövcud böhranların əksəriyyəti İrandan qaynaqlanır: “İran dünyada terrorçuluğun ən böyük himayədarıdır. Bu ölkənin konstitusiyasının bir hissəsi islam inqilabının dünyaya ixracına həsr edilib. Bu ölkənin rəsmiləri vətəndaş hüquqlarına inanmır və dünyanın müxtəlif yerlərində yaşayan şiələrdən öz hökumətlərinə yox, məhz İrana tabe olmalarını istəyir. İranlılar digər ölkələrin daxili işlərinə qarışır, beynəlxalq qanunlara hörmətlə yanaşmırlar. Onlar xarici səfirliklərə hücum çəkir, digər ölkələrdə terrorçu dəstələr yaradaraq onlara dəstək verirlər.

Orta Şərqdə bütün hökumətlərin dəyişdirilməsini istəyən İran bu günə qədər İŞİD və “Əl-Qaidə” kimi terrorçu qrupların hücumuna məruz qalmayıb. Bu isə müxtəlif suallara səbəb olur. Çünki “Əl-Qaidə” rəhbərlərinin bir çoxu Səudiyyə Ərəbistanı ərazisində terrorçu əməliyyatlar həyata keçirdikdən sonra İrana qaçaraq bu ölkəyə sığınıblar.

İran həmişə qonşuları ilə münasibətdə yeni səhifənin açılmasından danışır. Lakin biz mövcud vəziyyətə göz yuma bilmərik. Axı biz məhvimizi istəyən bir ölkə ilə necə əlaqə saxlaya bilərik. Elə buna görə də mövcud durum dəyişməsə, bizim İranla əlaqə qurmağımız çətin məsələdir. İran husilərə silah-sursat və ballistik raketlər göndərir. Dünya birliyi məhz bu rəftarına görə İrana qarşı təzyiqi gücləndirməlidir. İranı başa salmaq lazımdır ki, onun son 25 ildə regionda etdikləri qəbuledilməzdir”.

Samir