2-ci buktreyler festivalı keçiriləcək

22 Fevral 2017 11:06 (UTC+04:00)

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ikinci buktreyler festivalı keçiriləcək.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə 2016-cı ildə buktreyler festivalı təsis edilib və uğurla həyata keçirilib. Bütün bunları nəzərə alaraq festivalın hər il keçirilməsi qərara alınıb. Bu il keçiriləcək festivala işlərin qəbulu aprelin 10-dək davam edəcək.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və www.facebook.com/BooktrailerFest “facebook” səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı festival2017@booktrailer.az e-mail vasitəsilə müraciət etmək mümkündür.

Qeyd edək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

Pərvin