Tofiq Zülfüqarovdan tarixi FOTOLAR

23 Fevral 2017 12:39 (UTC+04:00)

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün sosial şəbəkədəki hesabında maraqlı fotolar paylaşıb.

Teleqraf.com xəbər verir ki, T.Zülfüqarov “İllər necə sürətlə ötür...” albomunda qruplaşdırdığı fotolarla bağlı rus dilində aşağıdakıları yazıb: “Yenidən öz fotolarıma baxırdım, onlardan bir neçəsi Yəməndə hərbi xidmət vaxtı çəkilib. Digər fotolar isə Bakıda, Riqa və Tallində diplomatik xidmət illərimə aiddir. Fotoların mütləq əksəriyyətində imza və tarix qoyulmasına ehtiyac yoxdur. Çünki orda Azərbaycan ictimaiyyətinə çox tanış olan insanlar əks olunub. Bütün fotolar mənim şəxsi arxivimdəndir və əgər əhvalım olsa, başqa nələrsə axtarıb tapsam, onları da dərc edəcəm”.

Qeyd edək ki, paylaşılan fotoların biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici ölkələrin birində aparılan danışıqlar zamanı çəkilib. Həmin fotoda Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan da əks olunub. Sözügedən foto T.Zülfüqarovun xarici işlər naziri işlədiyi 1998-1999-cu illərdə, daha doğrusu 1999-cu ildə çəkilib. Həmin vaxt S.Sərkisyan Ermənistan Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyırdı.

Tofiq Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiyanın Rostov-Don şəhərində anadan olub. Ailəsi 1961-ci ildə Bakıya köçüb. 1966-1976-cı illərdə Bakıda 93 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, 1981-ci ildə oranı bitirib. 1981-1984-cü illərdə Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olub. 1984-1985-ci illərdə komsomol komitəsində işləyib. 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəbşünaslıq şöbəsində işləməyə başlayıb. 1988-ci ildə Qarabağ təşkilat komitəsində Qarabağ problemi ilə məşğul olub. 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun politologiya şöbəsində elmi işçi olub. 1992-ci ildə Xarici İşlər Nazirliyində işə qəbul olunur.

Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 5 mart 1998-ci ildən 26 oktyabr 1999-cu ilədək xarici işlər naziri işləyib. Ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə əsasən, Qarabağ probleminin həlli ilə məşğul olub.

2005-2010-ci ildə Azərbaycanın Latviyada, 2010-2015-ci illərdə isə Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Rus, ərəb və ingilis dillərini bilir.

Səxavət