“İmtahanların qiymətini Tarif Şurası bu həftə açıqlayacaq” - Məleykə Abbaszadə

28 Fevral 2017 12:00 (UTC+04:00)

"Bu həftə Tarif Şurası digər abituriyentlərin imtahanda iştirakının qiymətini müəyyən edəcək".

Teleqraf.com xəbbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə,Tarif Şurasına qərar qəbul etmək üçün verilən vaxt bitməyib: “Biz lazım olan məlumatları Tarif Şurasına təqdim etmişik. Onlar da bunun əsasında qərar verəcəklər”.

Məleykə Abbaszadə deyib ki, ilk dəfə imtahanda pulsuz iştirak imkanı yalnız bakalavr və orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanı üçün nəzərdə tutulub: “Magistratura, rezidentura və dövlət qulluğuna qəbul imtahanı isə pullu olacaq. Pulsuz imkan yalnız valideyn himayəsindən məhrum insanlara aiddir”.

DİM rəhbəri deyib ki, bu il magistratura və rezidentura imtahanları aprel ayından tez olmayacaq.

Onun sözlərinə görə, hazırkı durumda bu imtahanların daha tez keçirilməsi mümkün deyil: “Gələn ildən ola bilər, qəbul imtahanları noyabrdan başlasın. Hətta imtahanı ildə 3 dəfə keçirə bilərik. Bu il imtahan cədvəlimiz Tarif Şurasının qərarından asılıdır. Biz martın 19 və 26-da ilk sınaq imtahanlarının keçirilməsi nəzərdə tutmuşduq. Lakin bu bizdən asılı deyil. Tarif Şurasının qərarı açıqlanan kimi bu barədə məlumat verəcəyik”.

İlhamə ƏBÜLFƏT