Bəhreyn: “İrana bağlı terrorçular tutmuşuq”

2 İyul 2017 15:40 (UTC+04:00)

Teleqraf.com-un məlumatına görə, nazirliyin bəyanatında bildirilir ki, Bəhreyn təhlükəsizlik qüvvələrinin bir neçə gün əvvəl ölkənin “Əl-Deyr” məntəqəsində keçirdiyi qabaqlayıcı əməliyyat nəticəsində İranla birbaşa əlaqədə olan və ölkədə təxribat törətmək üçün SEPAH-dan göstəriş alan terrorçu qruplaşmanın üzvləri zərərsizləşdiriliblər. Tutulanlardan külli miqdarda partlayıcı maddə aşkaralanaraq götürüldüyü bildirilir.

Bəyanatda qeyd olunur ki, 2 və 5 nəfərlik dəstələrdə fəaliyyət göstərən, bundan əvvəl ölkənin bir neçə məntəqəsində terror aktları törədən terrorçular, partlayıcı maddələr hazırlayaraq onların videolentini İran təhlükəsizlik qurumlarına və SEPAH komandirlərinə göndərərək həmin maddələr haqqında SEPAH-dan məsləhət alıblar.

Bəhreyn xüsusi xidmət orqanlarının rəhbəri, general Tariq ibn Həsən əl-Həsən isə jurnalistlərə açıqlamasında bildirib ki, tutulan terrorçular partlayıcı maddələr hazırlamaq üçün bir neçə dəfə İrana səfər edərək bu ölkədə təlim keçiblər: “Başçıları hazırda İranda olan həmin terrorçu dəstənin üzvləri bəhreynli gəncləri müxtəlif bəhanələrlə İrana və İraqa apararaq, onlara SEPAH-ın hərbi bazalarında təlim keçirlər. Tutulanlardan biri isə etirafında bildirib ki, o, İranda hərbi təlim keçdikdən sonra SEPAH-ın göstərişlərini həyata keçirmək üçün onların qayığı ilə öz ölkəsinə qayıdıb”.

Bəhreynli general tutulanların təxribatçı fəaliyyəti ilə bağlı dindirilmələrin davam etdiyini və məsələnin araşdırıldığını bəyan edib.