Hicablı qadın kişilərlə eyni yerdə çimə bilərmi? - Hacı Şahinin ŞƏRHi

5 İyul 2017 01:56 (UTC+04:00)

Dindarlar deyir ki, halal, qadağan olunmayan istirahətlərdən faydalansınlar. İslam ölkələrində başı bağlı qadınlar üçün ayrıca çimərliklər təşkil edilir. Azərbaycanda isə digər müsəlman ölkələrindən fərqli olaraq çimərliklər kişilər və qadınlar arasında bölünmür.

QMİ-nin rəsmisi Hacı Şahin məsələ ilə bağlı Publika.az-a açıqlama verib. O, qadınların örtülərini açmadan qapalı şəkildə dənizə girməsini şəriətə görə məqbul saysa da, bu cür istirahətin mənasız olduğunu bildirdi:

“Belə hallar bir çox müsəlman ölkələrində var. Qadınların örtünmə qaydaları istər dənizdə, istər dənizdən kənarda düzgün olmalıdır. Şəriət qadınların dənizdə çimməsinə qadağa qoymur. Yəni şəriətin buyurduğu qaydada örtülmüş halda olsalar, məqbuldur. Amma şəxsi fikrimə görə, o şəkildə çimməyin mənası yoxdur. Ümumiyyətlə, hicablı qadınlar üçün ayrı bir çimərlik olsa, daha məqsədəuyğun olardı. Məsələn, Türkiyədə belə çimərlik var”.

Hacı Şahin qapalı halda olsa belə, qadınların yad kişilərlə birgə çimərlikdən istifadəsinin haram buyrulduğunu bildirdi: “Şəriət bu cür geyimlə yad kişilərlə birlikdə dənizdə çimməyi düzgün saymır. Biri var məsələn qadın çimsin, uzaqdan bir kişi keçsin, bu başqa. Amma biri də var yaxın bir ərazidə kişilərlə eyni yerdə çimsin”.