Atəş əmrini birbaşa Sərkisyan verib – Hikmət Hacıyev

5 İyul 2017 13:54 (UTC+04:00)

Bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir.

Teleqraf.com xəbər verir ki, bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, məsələ ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə tapşırıqlar verilib və onlar akkreditə olduqları ölkələrin hökumətlərini və beynəlxalq qurumları bu barədə məlumatlandıracaqlar: “Ümid edirik ki, dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq hüququn pozulması faktına münasibət bildirəcək və hadisəni kəskin şəkildə qınayacaq. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşiklə danışıb. Azərbaycanın ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb”.

H.Hacıyevin sözlərinə görə, atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: “Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu və status-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kaspşik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək”.

XİN sözçüsü bir daha bəyan edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv danışıqların tərəfdarıdır.