Nazirlər yekun bəyanat imzaladı - Üçtərəfli görüş

19 İyul 2017 13:40 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, birgə bəyanatda nazirlər dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini və qətiyyətli dəstəklərini bir təsdiqləyiblər. Bu kontekstdə münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd ediblər:

“Azərbaycan, Türkiyə və Türkmənistanın BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlarda, həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi arenalarda və qarşılıqlı fəaliyyətin vacibliyini bildiriblər.

Terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

5 iyun 2014-cü ildə Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dördüncü Zirvə Görüşü zamanı baş tutmuş Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin üçtərəfli görüşünün yüksək əhəmiyyətini xüsusi olaraq qeyd ediblər və dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan Birinci Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini vurğulayıblar”.

Nazirlər dövlət başçılarının Türkmənistanda keçiriləcək Üçtərəfli Zirvə Görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Biznes Forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəliblər”.

XİN başçıları İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın önəmliliyini qeyd ediblər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğulayıblar: “Azərbaycanda 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd ediblər. 2017-ci ilin sentyabr ayında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə ediblər.

Türkmənistanda keçiriləcək Zirvə Görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, etlm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğulayıblar.

Siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədi ilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər”.

Nazirlər növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəliblər. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.