Əski müsavatçılar nəslindənəm – Xalid Kazımlı

21 İyul 2017 19:38 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, bu barədə Musavat.com saytının baş redaktoru Xalid Kazımlı son günlər Müsavat Partiyasının üzvləri ilə yaşanan polemika barədə danışarkən qeyd edib.

Onun sözlərinə görə, nənəsinin qohumlarının çoxu müsavatçı olub: “Nənəmin dayısı Əbil bəy Qaryagin (indiki Füzuli) rayonundakı Müsavat firqəsinin lideri idi. Sankt-Peterburqda akademiya bitirib gəlmiş nəbatatçıymış, onun saldığı bağın (“Əbilbəyli bağı”) bir hissəsi hələ də Zobucuqdan bir az o tərəfdə qalır. Əbil bəy bolşeviklərin təqibindən qaçaraq İrana keçib, orda yaşayıb, balalarının bu tayda kasıbçılıq içində yaşadığını, başağa - yerə tökülmüş buğda dənləri yığmağa getdiyini eşidəndə ürəyi partlayıb. Nənəmin böyük qardaşı Çərkəz bəy də müsavatçı olub. O da o tay-bu tay arasında əlaqələndirici funksiyası daşıyıb. Bir gün tələyə salınıb, güllələnib, birtəhər İrana keçib, orada vəfat edib. 1993-cü ilin avqust ayında nənəmin kiçik qardaşı İsgəndər bəy mənim fəal müsavatçı olduğumu oğlu Babəkdən eşidəndə gözləri doldu, dedi, Çərkəz qağam da müsavatçıydı”.