İstirahət günü baş verən qəzalar: 4 ölü, 25 yaralı

24 İyul 2017 14:16 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 22-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

İyulun 23-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.

Bundan başqa, Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Daha bir qəza Babək rayonunun Sirab kəndi ərazisində baş verib. Kənd sakini Çərkəz Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə və qaz borusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sərnişini Qurban Alışov orada ölüb.

Oxşar hadisə Sabirabad rayonunun Qəfərli kəndinin ərazisində də qeydə alınıb. Rayon sakini Xidmət Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Səmədağa Nəsirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Biləsuvar rayonu ərazisində Göygöl rayon sakini Famil Məmmədov idarə etdiyi “Hovo” markalı avtomobili Gədəbəy rayon sakini Xaliq Abdullayevin idarə etdiyi eyni markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən F.Məmmədov orada ölüb.