“Baytarlıq idarəsi rüşvət yığır” ittihamına rəsmi - Reaksiya

26 İyul 2017 21:26 (UTC+04:00)

Publika.az xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin məlumatında qeyd olunub.

"Təəssüf edirik ki, bəzi elektron və kütləvi informasiya vasitələri köhnə məlumatları oxuculara yeni material kimi təqdim edirlər. Belə ki, dia.az, xalqxeber.az və digər saytlarda yazı və video formatında (“Baytarlıq idarəsi rüşvət yığır” -https://www.youtube.com/watch?v=7xWWHjJP8fA) yerləşdirilən məlumatlar 2016-cı il 12 sentyabr tarixində çəkilərək Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəhbərliyi tərəfindən yol verilmiş nöqsanları əks etdirir. Lakin həmin görüntülər oxuculara yeni məlumat kimi təqdim edilir. Bununla əlaqədar bir daha bildiririk ki, həmin video çəkilişdə əks etdirilən nöqsanlarla əlaqədar dərhal Kənd Təsərrüfatı Nazirliyi tərəfindən araşdırma aparılmış və Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəhbərliyi tərəfindən ciddi nöqsanlara yol verildiyi müəyyən edilib, nöqsanlar barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dərhal tədbirlər görülərək Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsindən azad edilib və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Belə neqativ hallara qarşı Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Xidməti tərəfindən dərhal reaksiyalar verilir, qarşısı alınaraq müvafiq tədbir görülür."- məlumatda deyilir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bütün bunlar hamısı müəyyən şəxslər tərəfindən qərəzli şəkildə xidmətin iş ahəngini pozmaq və xidmət rəhbərliyinə qarşı qara yaxmaq məqsədi daşıyır.