Kərimovanın sərbəstliyi prezidentin imicini ləkələyirdi – Şərh

28 İyul 2017 14:19 (UTC+04:00)

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Kərimovanın hətta, atası tərəfindən döyülməsi və ev dustağı edilməsi barədə də məlumatlar yayılmışdı: “Onu da deyim ki, atasının hakimiyyəti dövründə Kərimovanın hüquq-mühafizə orqanlarına ciddi təsir göstərmək imkanları olub. Hətta bu işi həyata keçirərkən atasına belə məlumat verməyib. Sonda milli təhlükəsizlik naziri bununla bağlı İslam Kərimova məlumat verib. Bundan sonra Kərimovanın məşəqqətli günləri başlayıb. O, ev dustağı edilib, bir sıra kommersiya strukturlarındakı fəaliyyətindən tamamilə məhrum edilib. Hətta uşaqları ilə vaxtaşırı görüşməsinə imkan yaradılmayıb və o, təcrid vəziyyətində olub”.

Politoloq qeyd edib ki, qızının varis olmaq niyyəti İslam Kərimovu çox qəzəbləndirirdi: “Bəzi məmurlar, xüsusilə milli təhlükəsizlik naziri İslam Kərimova Gülnarə barədə müxtəlif məlumatlar ötürərək qızı ilə onun arasındakı ziddiyyətləri daha da dərinləşdirdi. Kərimovanın içkiyə meyilli, hətta heroinə aludə olması və yüngül həyat tərzi keçirməsi barədə məlumatlar da atasına ötürülürdü. Bu isə İslam Kərimovla qızı arasında münasibətləri qırılma nöqtəsinə gətirib çıxarmışdı. Gülnarə Kərimovanın ortalıqda görünməməsi belə şaiyələrin yayılmasına səbəb olmuşdu ki, o, atasının göstərişi ilə aradan götürülüb. Amma sonradan atasının vəziyyəti ağırlaşanda, Kərimov ölüm ayağında olanda Gülnarə ortada görünməyə başladı və onun adı hətta varis kimi də hallandı. Lakin Daşkənd siyasi kluarlarında çoxları vəziyyətin necə olduğunu yaxşı bilirdi. İslam Kərimovun kimə daha çox meyl göstərdiyini bilirdilər”.

Q.Hüseynlinin sözlərinə görə, Rusiyanın Özbəkistanın siyasi həyatındakı təsir dairəsini də nəzərə alanlar tamamilə fərqli düşünürdülər: “Ölkənin taleyinin bu xanıma etibar edilməyəcəyi çoxlarına gün kimi aydın idi. Gözlənildiyi kimi də oldu. İslam Kərimov vəfat etdikdən sonra deyilənlərə görə onun vəsiyyətinə uyğun olaraq Nazirlər Kabinetinin sədri Şavkat Mirziyayev prezidentin səlahiyyətlərini öz üzərinə götürdü. Kərimov özündən sonra varis kimi Mirziyayevi görürdü. Digər qaynaqlar isə bildirirlər ki, bu razılaşmalar Rusiyanın təkidli səyləri nəticəsində mümkün olmuşdu. Mirziyayevin seçkidə qalib gəldikdən dərhal sonra Rusiyaya getməsi, orada Vladimir Putinlə və digər rəsmi şəxslərlə görüşməsi Kərimovun dövründə Rusiya ilə ehtiyatlı davranan və məsafə saxlamağı bacaran rəsmi Daşkəndin Mirziyayevin dövründə tamamilə rusiyapərəst siyasət yürütməyə başlamasının göstəricidir”.

Politoloq bildirib ki, G.Kərimova yeni prezidentin ilk aylarında sərbəst surətdə gəzib-dolaşıb, hazırkı prezidentin ünvanına da nə müsbət, nə də mənfi fikirlər söyləyib: “Jurnalistlər nə qədər çalışsalar da, ondan Mirziyayevlə bağlı açıqlama ala bilmirdilər. Amma yeni seçilmiş prezident yaxşı başa düşüb ki, iqtisadi sahədə bir sıra cinayətlər törətmiş Kərimovanın azadlıqda qalması onun imici ləkələyir, ümumiyyətlə, hakimiyyətinin möhkəmliyinə dair müəyyən suallar yaradır. Nəticədə onun həbsinə dair siyasi qərar qəbul edilib”.