İdman jurnalistlərinə açıq məktub

31 İyul 2014 10:27 (UTC+04:00)

Əziz həmkarlar, sevgili kolleqalarım. Yaşda çoxunuzdan kiçik, təcrübə baxımından əksərinizdən az stajlı olsam da, gəlin sizə bir təklif verim. Lütfən, bu müraciəti özündən müştəbehlik, yekəxanalıq kimi qəbul eləməyin. Bir kiçik qardaş söhbəti kimi azca diqqətə alın.

Son vaxtlar Böyükağa Hacıyeva qarşı kütləvi şəkildə qruplaşmalar hiss eləyirəm. Etməyin, eləməyin. Uğurlu məşqçiyə, nəticə verə bilən mütəxəssisə qarşı belə "səlib yürüşü" inanın bizə heç nə qazandırmayacaq.

Axı o belə münasibətə layiq deyil. O Azərbaycanın futbol tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində oynamış baş məşqçidir. O bir komandanı dörd il üst-üstə çempion eləmiş, beşinci ildə isə ən çətin vaxtında həmin komandaya ölkə kubokunu qazandırmış məşqçidir.

Heç belə bir baş məşqçiyə də gözün-üstə qaşın var demək olar? A kişi, bunlar hamsı bir tərəfə, o adamın rəhbərliyi altında hansısa bir Azərbaycan klubu, heç kimin tanımadığı, bilmədiyi "Neftçi" gedib Milanda, möhtəşəm "Cüzeppe Meadza" stadionunda "İnter"lə heç-heçə oynayıb. Siz də durub iki dılğır sözdən ötrü o boyda ağsaqqalın xətrinə dəyirsiniz.

Bizim cameə belədir. Çox tez unuduruq hər şeyi. Yadınızdan nə tez çıxıb ki, "Neftç" UEFA Avropa Liqasının qrupunda oynayanda necə sevinə-sevinə, qürurla gedirdiniz oyuna. O vaxtlar Hacıyevdən danışanda ağzınıza "çullu dovşan" sığışmırdı, ancaq indi başlamısınız yenə, tənqidin biri bir qəpik.
Noldu bəs? Deməli, əsl məsələ belə imiş də. Bağda ərik var idi, salamməlik var idi, bağdan ərik qurtardı, salamməlik qurtardı.

Hələ adını çəkmək istəmədiyim bəzi jurnalistlər var ki, gedib Naxçıvan dilini, Azərbaycan dilini öyrənmir, gəlib o boyda kişiyə "çiləmək"dən danışır. Ayıb deyil bəs? Bir məğlubiyyətə görə kişiyə demədiyimiz buraxmadıq. Elə içi mən qarışıq. Ancaq nə yalan deyim, mən artıq peşman oldum. Bundan sonra o kişiyə güldən ağır söz deməyəcəm.

Gördünüz, gedib səfərdə necə uddu? Di hı, yığışın bunu açıqlayın görüm. Gördünüz, açıqlaya bilmirsiniz. Hələ sizin acığnıza "Çixura"nı da keçəcək, play-offu da adlayacaq, təzədən qrupda da oynayacaq. Görüm onda nə yazacaqsınız?

Hələ o sloveniyalı jurnalistlərə baxın siz Allah. Tərbiyəsizlər, mədəniyyətsizlər. Kişi o boyda mətbuat konfransı keçirir, gələn də yoxdu. Elə sizin acığınıza göstərdi gününüzü. Komandanızı da yanı üstə qoydu.

Adamın gərək dili olduğu qədər dilçəyi də olsun ki, sonra da başı yuxarı gəzməyə üzü olsun.
İndi də söz tapmırsınız, yapışmısınız ki, bəs demişdin ki, udsan da, uduzsan da istefa verəcəm demişdin, niyə getmirsən?

Birincisi, kişi əsəbi olub, bir sözdü deyib. Nolar ki, adam hirsli də olar, əsəbi də olar, hirsələnər nəsə böyük söz də danışa bilər. Ancaq hirsi soyuyandan sonra oturub sakit-sakit fikirləşər ki, yox, əslində elə deyilmiş, beləymiş. Hə, nolsun? İndi buna görə adamı bombardman eləmək lazımdı? Düz eləmirsiniz, bəylər. Üst-üstə dördqat Azərbaycan çempionu, Avroliqanın qrup mərhələsində oynamış bir məşqçiyə qarşı bu cür yanaşma qərəzdən, prinsipdən, düşmənçilikdən başqa bir şey deyil. Qınamaq lazımdı bu cür halları. Möhtəşəm "Cüzeppe Meazza"da "İnter"lə bərabərə qalmış bir komandanın baş məşqçisinə ediləcək hərəkətlərdimi bunlar?

İkincisi, axı siz niyə bu kişinin getməsində belə maraqlısınız? Özünün də dediyi kimi ən maraqlı və qalmaqallı danışan adam odu. Arada bir ona-buna söz atır, biz də götürüb yazırıq, olur mövzu. Sabah çıxıb getsə nədən yazacağıq, nədən danışacağıq?

Dəyməyin siz Allah. Qoy kişi işini görsün.