Həmsədrlərin bu sintezi Azərbaycanı təmin etmir – Politoloq

2 Dekabr 2017 09:14 (UTC+04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarovun dekabrın 6-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçiriləcək görüşü prinsipial xarakter daşıyacaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, həmsədrlər son zamanlar yeni ideyalar üzərində işlədiklərini və bu ideyaların danışıqlar prosesini irəli aparacağını iddia edirlər:

“Elmar Məmmədyarov görüşdə həmsədrlərin hansı yeni ideyalar hazırladığını və bu ideyaların nizamlama prosesinə nə dərəcədə uyğun gəldiyini bir növ yoxlamaq istəyir. Zənnimcə, həmsədrlər o qədər də əsaslı olmayan fikirlər, ideyalar irəli sürürlər və bu fikir və ideyalar danışıqlar prosesini irəliyə aparmaq imkanına malik deyil. Bizim üçün vacib olan odur ki, Azərbaycanın ərazi bütövlüyünə xidmət edən təkliflər irəli sürülsün. Amma həmsədrlərin təkliflərində hələ ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək dolğun fikirlər irəli sürülmür. Həmsədrlər dolayı yollarla ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyinetmə hüququnu sintez etməyə çalışırlar. Bu da Azərbaycan üçün məqbul sayıla bilməz”.

E.Məmmədyarovun həmin gün Ermənistan xarici işlər naziri ilə keçiriləcək görüşündən gözləntilərə də münasibət bildirən Q.Hüseynli qeyd edib ki, bu görüş ümumən normal atmosferdə keçsə belə, real nəticələr doğuracağını söyləmək çətindir:

“Düzdür, hər iki tərəf bundan öncəki danışıqların aktiv əhval-ruhiyyədə, qarşılıqlı anlaşma ruhunda keçdiyini qeyd etdilər. Amma mən inanmıram ki, Nalbəndyanla danışıqlarda Ermənistan danışıqlar prosesini irəlilədə biləcək təkliflərə tərəfdar çıxsın. Onlar sadəcə olaraq, danışıqların imitasiyası ilə məşğuldurlar və bu imitasiya prosesini çox ustalıqla bacarırlar. İmitasiya prosesini həm Ermənistanın xarici işlər naziri, həm də prezidenti aparır. Bu səbəbdən, zənnimcə, Elmar Məmmədyarovun həm həmsədrlərlə, həm də Nalbəndyanla keçiriləcək görüşünü hələlik səmərəli görüşlər seriyasına daxil etmək mümkün deyil”.

Qeyd edək ki, dekabrın 6-da E.Məmmədyarovun həm həmsədrlərlə, həm də Ermənistan Xarici İşlər naziri ilə görüşü keçiriləcək. E.Məmmədyarov noyabrın 30-da Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra bildirib ki, Azərbaycan bu görüşə razılıq verib.

Görüşün ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.