“Rus pilotun başına iki güllə vurduq...” - Altunbay

5 Dekabr 2017 09:06 (UTC+04:00)

Məhəmməd Altunbayın xatirələri

II Hissə

Əvvəli burada

... Azacıq şübhə edərək bizi yoxlamaq niyyətində olsaydılar, təbii ki, qurtuluş imkanı yoxdu və əbədiyyən məhv olacaqdıq. Fəqət bu vəhşi ölümün qarşısında diz çökmək deyil, yenə son nəfəsimizə qədər vuruşacağımızı damarlarımızda olan türk qanımız bizə hökm etmişdi. Daha neçə gün əvvəl qərar vermişdik ki, əgər təyyarəyə minərkən bizdən şübhə edib üstümüzü axtarmaq istəyərlərsə, icazə verməyəcək, qətiyyən təslim olmayacaq, bir canımıza bir neçə can almadan ölməyəcəyik...

Kimsənin bizdən şübhə etmədiyini düşünürdük. Birdən-birə uçuş komandanı siyasi komissar və zalım ÇEKA-nın nümayəndələri ilə birlikdə bizi yanlarına çağırdı.

Dodaqlarının altından “necəsiniz?” deyə halımızı soruşdular. Biz də təşəkkür etdik. “Niyə Tiflisə gəldiniz, niyə təcili gedirsiniz” deyə soruşdular. “İcazəli olduğumuz üçün bir az gəzdik, sabah erkəndən işimizin başında olmalıyıq” deyə cavab verdik. Verdiyimiz cavab başdan-ayağa yalan idi, çünki o zamanlar mən vəzifəmdən çıxarılmışdım. Şükürlər olsun ki, vəzifədən çıxarılmağımı Tiflisdə olan pilotlar hələ eşitməmişdilər. Bunlarla olan danışığımızı soyuqqanlılıqla bitirdik. Kimsənin bizdən şübhə etməsinə heç bir dəlil yoxdu.

Bu əsnada pilot gələrək uçmaq üçün uçuş komandanından icazə istədi. Uçuş komandanı “uğurlar olsun” deyərək izn verdi. Sonra uçuş komandanı bizə dönərək “siz də tez təyyarəyə əyləşin, indi uçursunuz” dedi.

Sanki önümüzdəki dəqiqələrdə heç bir təhlükə yoxmuş kimi hər zamankı adətlə yavaş-yavaş yürüyərək təyyarəyə əyləşdik. Bütün gücü ilə motorlar çalışdı, təyyarə havalandı. Müəyyən yüksəkliyə qalxdıqdan sonra pilot təyyarənin istiqamətini Yevlax şəhərinə çevirdi. İndi təyyarənin içində 5 nəfər idik. Üç türk, iki rus. Ruslardan biri təyyarənin pilotu, digəri maşinisti idi.

Təyyarə Gürcüstan hüdudunu aşaraq qəlbindən qan axan o cənnət yurdun hüduduna çatdı. Nəhayət, saat yarım uçduqdan sonra qəhrəmanlar yetişdirən Kür çayının ətrafına hər glişində bir dəfə dolaşan bu təyyarə bu dəfə də dolaşdıqdan sonra Yevlax təyyarə meydanına endi. Təyyarənin deposuna benzin doldurduqdan sonra təkrar havalandı. Artıq ani vaxtlar keçdikcə təhlükəli saniyələr yaxınlaşırdı. Təyyarə Kürdəmir qatar yolu stansiyasına çatmaq üzrə idi.

Planımıza görə işə başlamaq zamanı gəldi. Hər üçümüz oturduğumuz yerdən dərhal qalxdıq. Təyyarəni idarə edən pilot dostumuz mərhum Cəlal Məhəmmədzadəni yaxından tanıdığı üçün Cəlal bəy önə keçərək pilotdan rica etdi ki, bir az da təyyarəni o sürsün. Pilot başını yelləyərək rədd cavabı verdi. Cəlal bir neçə dəfə ricasını təkrarladı, amma pilot hər dəfəsində rədd etdi. Artıq vaxt keçir, bir neçə dəqiqə gec qalsaq, bütün planlarımız puç olmaqla yanaşı öz əlimizlə özümüzü ÇEKA-nın qanlı xəncərinə təslim etmiş olacaqdıq.

Dostumuz Cəlal bəyə “gözləmə” deyə bağırdığımız zaman dərhal tapançasını çıxararaq pilota və maşinistə doğru çevirdi, təyyarənin komandalarını sərbəst buraxıb oturduqları yerdən dərhal qalxmalarını əmr etdi. Üçümüz də bir-birimizin arxasında idik.

İkinci bir silah da mənim əlimdə idi. Bu silah böyük bir xəncərdən ibarət idi. Maşinist tapançanı görən kimi əllərini qaldıraraq “aman, məni öldürməyin” deyə yalvararaq təslim oldu və qorxudan bayılaraq oturduğu yerdə təyyarənin yan tərəfinə düşdü. Pilot isə yenə başını sallayaraq təslim olmayacağını bildirdi. Dostumuz Cəlal bəy çox gözləməyi imkansız görərək pilotun başını iki gülləylə partlatdı. Pilot oturduğu yerdə yan tərəfə düşən kimi təyyarənin komandaları idarəsiz qaldı. Uçuş vəziyyəti pozuldu. Sarsılan bir dağ, qarşısı alınmaz bir sel kimi 300 metr yüksəklikdə, min koloqrama qədər yüklə dolu qocaman təyyarə ən yüksək sürətlə özü-özünü aşağıya doğru aparmağa başladı. Motorlar təyyarənin aşağıya doğru olan sürətindən sarsılmışdı. Qanadlar, gövdə və komandalar titrəyirdi. Təyyarənin aşağıya doğru gedən sürətinin fışqırıqlarından qulaqlarımızın pərdələri sanki yırtılacaqdı.

Təyyarənin bu təhlükəli vəziyyətini düzəltmək üçün həyəcana düşmədik. Çünki lüzumsuz ən kiçik bir hərəkətimiz həyatımızı itirməyimizə səbəb ola bilərdi. Etdiyimiz bu ani vəzifələr o qədər mükəmməl oldu ki, sanki teatr səhnəsində həyəcanlı bir pyes oynayan artistlər kimi bu hərəkətləri dəfələrlə təcrübədən keçirmişdik. Yaşadığımız bu saniyələr bizim üçün ölüm-itim saniyələri olmaqla yanaşı təhlükəli cəbhələrdə üstünə mühüm bir vətəni vəzifəni alan üç türk əsgərinin imtahan saniyələri idi. Əgər bu qədər təhlükə müqabilində ölüm heç ağlıma gəlmirdi desəm, bəlkə də, hörmətli oxucularım inanmayacaqlar, fəqət bu belə idi. Çünki təhlükəli bir vəzifəni həyata keçirdiyiniz zaman ölüm qorxusu ağlınıza gələrsə, etmək istədiyiniz işdə müvəffəq olmaq ehtimalı çox azdır. Fəqət heç bir qorxunu ağlınıza gətirməsəniz, yüz faiz etdiyiniz işdə müvəffəq olarsınız. Mənim hiss etdiyim bir şey vardı, o da qəlbimin qüvvəti min dəfə artmışdı. Nə edəcəyimi hər zamankından daha yaxşı bilirdim. Qəlbimdə hiss etdiyim bu qüvvət sanki içimdən mənə “mətin olun, keçdiyiniz imtahanlarda müvəffəq olacaqsınız, necə ki qəhrəman ulu babalarınız sarsılmaz dəmir iradələrinin sayəsində hər istəklərinə müvəffəq olmuşdular” deyirdi. Özümdə hiss etdiyim cəsarət və qüvvətin eynisini dostlarımda da görürdüm.

Maşinist təyyarənin yan tərəfinə düşər-düşməz dostum Həsən ilə bərabər onu düşdüyü yerdən qaldırmağımız və təyyarənin içərisinə fırlatmağımız bizə göz qırpmaq qədər qısa bir zaman kimi gəldi. Təyyarənin komandası başında yan tərəfə düşüb ölən pilotu da dərhal eyni hərəkətlə düşdüyü yerdən qaldırıb təyyarənin içərisinə fırlatdıq. Biz pilotu təyyarənin komandasından qaldırınca dostumuz Cəlal təyyarənin komandasına keçdi. Aşağıya doğru yaxınlaşan təyyarənin normal vəziyyətini yüz metrdə düzəldə bildik.

Təyyarənin içərisində əllərimizdə silah görən maşinist nə edəcəyini bilmədi. Dərhal təslim vəziyyətində əllərini yuxarıya qaldıraraq “məni öldürməyin” deyə yalvarmağa başladı və özünü təyyarənin ayaqda dayanılan yerinə qapadı. Dostum Həsənlə maşinisti qaldırıb əllərini sıx bağladıqdan sonra ölmüş pilotun qəlbini əlimlə yoxladım. Pilot çoxdan ölmüşdü. Bu işləri başlamaqla bitirməyimiz o qədər ani oldu ki, bu işləri nə zaman gördük deyə öz-özümüzə gülürdük. Bu ilk vəzifələrimizi bitirdikdən sonra Həsən əlində tapança maşinistin yanında gözətçilik etdi, mən isə təyyarənin ikinci sükanın başına keçdim.

Təyyarəmiz İran sərhədinə doğru uçurdu...

Davamı var

Hazırladı: Dilqəm Əhməd