Stomatoloji mağazadan saxta pulla alver edən tutuldu

5 Dekabr 2017 23:35 (UTC+04:00)

Xəzər rayonunun Mərdəkan qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, qəsəbədə stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci polis bölməsinə müraciət daxil olub.

Aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması, ödəniş etdiyi pulların saxta olduğundan şübhələnən satıcının ondan aldığı malları qaytarmasını tələb etməsi, lakin sonuncunun həmin ləvazimatlar olan bağlamanı əlindən alaraq qaçması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov saxlanılaraq istintaqa təhvil verilib.

Satıcı həmin şəxsin verdiyi və saxta olduğu ehtimal edilən 10 ədəd 100 manatlıq əsginası da istintaqa təqdim edib.