Prezident 4 naziri vəzifədən azad etdi - Spikerə isə...

11 Dekabr 2017 11:54 (UTC+04:00)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 4 naziri eyni zamanda vəzifəsindən azad edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin sərəncamı ilə Sənaye naziri Amanverdi Tuyliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Seyidməmməd Ağməmmədov, Dəmiryolu Nəqliyyatı naziri Dəryaqulu Bəşimov və Su Təsərrüfatı naziri Nursahəd Çapardurdiyev vəzifələri ilə vidalaşıblar.

Prezidentin sədrliyi ilə keçirlən Nazirlər Kabinetinin iclasında bir sıra yüksək çinli dövlət məmuruna töhmət və xəbərdarlıq elan olunub. Onların arasında ölkənin bank sektoruna rəhbərlik edən şəxslər də var.

Baş nazirin müavini Qoçmurad Muradov isə xəbərdarlıqla canını qurtara bilib.

Ölkənin iqtisadi həyatına cavabdeh olan bu şəxslər işdə yol verdikləri nöqsanlara və korrupsiyaya görə cəzalandırılıblar.

Qurbanqulu Berdiməhəmmədov parlamentin sədrinə korrupsiya və iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində qanunvericiliyi sərtləşdirmək tapşırığı verib: "İnsanalara məlumdur ki, bu maddələrlə məhkum olunanlar əfv edilə bilməzlər. Bu cür qanunları möhləmləndirmək lazımdır. Heç kəsə xalqın pulunu oğurlamaq imkanı verilməməlidir".