General: “Qüdrət Həsənquliyevə zəng etdim...”

15 Dekabr 2017 13:07 (UTC+04:00)

Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərlə bağlı səsləndirdiyi fikirdən sonra mən ona zəng elədim. O, da bildirdi ki, bu haqda kimdənsə eşidib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxış edən müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyev deyib.

General bildirib ki, ordu ilə bağlı məsələlərlə bağlı çıxış edərkən bir qədər həssas olmalıyıq:

“Biz müharibə şəraitindəyik və düşmən bu məlumatlardan bizə qarşı istifadə edir”.

Orduya ictimai nəzarət haqqında danışan general deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur:

“Hərbi hissələrdə keçirilən görüşdə iştirak edənlər real vəziyyəti görürlər. Əlliyə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır:

“Qüdrət Həsənquliyevin çıxışı da konteksdən çıxarılaraq bəzi saytlarda təqdim edilib. Onu yazan jurnalistlərinin neçəsinin Müdafiə Nazirliyində qeydiyyatdan keçdiyini araşdırmaq lazımdır. Bu xəbərləri bəzi bəlli saytlar yayır və onların da mövqeyi bəllidir. Milli Məclis Silahlı Qüvvələrin gücləndirilməsi üçün əlindən gələn dəstəyi göstərməyə hazırdır”.