Vəkillər Kollegiyası: Habil Fətəliyev adlı üzvümüz yoxdur

17 Dekabr 2017 22:28 (UTC+04:00)

Vəkillər Kollegiyası (VK) vəkilin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Vəkillər Kollegiyasından Teleqraf.com-a verilən məlumata görə, həmin xəbərlərdə mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunub.

Hadisə ilə bağlı VK bildirir ki, Kollegiyanın üzvləri sırasında Habil Fətəliyev adlı vəkil mövcud deyil və Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir.

Eyni zamanda, yaxın aylarda VK-nın yeni internet səhifəsi istifadəyə veriləcək ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaq.

Məlumatda qeyd edilib ki, bu xəbərlərin Azərbaycan vəkilliyinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, VK kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, gələcəkdə buna oxşar hallarda vəkilin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bilavasitə Kollegiyaya müraciət edilsin.