İki MTN zabiti özünü təqsirli bilmədi – Məhkəmə/Yeni

19 Dekabr 2017 16:58 (UTC+04:00)

13:15

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Natiq Alıyev Daşkəsən və iş adamı Zabil Salmamov epizodu üzrə dindirilib.

O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu bildirib.

Daha sonra digər təqsirləndirilən Zaur Məmmədov ifadə verib. Həmin şəxs də ittihamları rədd edib.

Hazırda məhkəmədə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən Füzuli Əliyevin ifadə verməsi gözlənilir.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və digərlərinin məhkəmə prosesi günün ikinci yarısında davam edib.

Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən Füzuli Əliyev zərərçəkmiş iş adamı Zabil Salmamov epizodu üzrə ifadə verib.

Həmçinin digər təqsirlənsirilən Natiq Alıyev zərərçəkmiş Azad Əzizov epizodu üzrə dindirilib.

Daha sonra təqsirləndirilən Zaur Məmmədov ifadə verib. Hər üç təqsirləndirilən şəxs ittihamları qəbul etməyib.

Prosesdə Sübahir Qurbanovun vəkili Adil İsmayılov dinləmə epizodu üzrə vəsatət qaldırıb. Vəsatət növbəti iclasda müzakirə ediləcək.

Növbəti proses dekabrın 21-də davam edəcək.