Uşaqlarla bağlı yeni layihə

19 Dekabr 2017 23:10 (UTC+04:00)

19 dekabr 2017-ci il tarixində Azərbaycan Uşaqlar Birliyi “Gələcəyimizə Sığınaq” layihəsini təqdimat konfransını keçirdi. Layihənin məqsədi uşaq hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi istiqamətində fəallığı artırmaq, sosial məsuliyyət sahəsi üzrə təbliğat işlərinin gücləndirilməsidir. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaq hüquq və maraqlarını qorumaq üçün vətəndaş həmrəyliyimizi göstərməli olduğumuzu vurğuladı: “Azərbaycan Uşaqlar Birliyi 25 ildən çoxdur ki uşaqların hüquq və maraqlarının qorunması istiqamətində layihələr həyata keçirir. Bizim əsas məqsədimiz “Özgə Uşağı olmur” devizini rəhbər tutaraq, vətəndaş həmrəyliyimizi göstərib bu deviz altında uşaqların hüquq və maraqlarını qorumaqdır. Əsas məqsədimiz cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşmasını ortaya qoymaqdır.”

Daha sonra, bu gün biz “Gələcəyimizə Sığınaq” devizi ilə bu aksiyaya start veririksə, sığındığımız gələcək sağlam olmalıdır, fikrini Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli çıxışında qeyd edib. Həmçinin qeyd edib ki, “Sağlam gələcək üçün sağlam uşaqlar böyütməliyik. Günümüzdə insanlar “məndən ötsün qardaşıma dəysin” misalı ilə yaşayır. Mənim övladıma olmayıbsa, mənim ailəmdə deyilsə mənə nə?! Bu gün, bizim sığınacaqda ən cox 40 uşaq görə bilərik. Say tutumu etibarı ilə gördüyümüz rəsmi rəqəmlərin birdə görsənməyən, küçələrdə qalan, natamam ailələrdə, kimlərinsə himayəsində böyüyən sayılmamış sayları var. Biz cəmiyyət olaraq, potensial sözünün qarşısına potensial təhlükə yox potensial həkim, potensial memar, potensial müəllim, potensial alim, potensial uğur qoya bilərik! Cəmiyyət olaraq bərabər atdığımız hər bir addım uğur deməkdir. Güc birlikdə deyərək çıxıdığımız bu yolda sözün əsl mənasında güclərimizi birləşdirməli və sağlam gələciyimizi sağlam inşa etməliyik.”

“Gələcəyimizə Sığınaq” layihəsinin rəhbəri Rövşən Nəcəfov qeyd edib ki, bizim fikirlərimiz bu gün cəmiyyətə yaxşı nümunələr yaratmasa, yaxşı insanlar yetişdirməsə biz öz gələciyimizi sual altında qoymuş oluruq: “Sağlam fikirli insanlar yetişdirmək lazımdı. Əgər, biz insan mühəndisliyi ilə məşğul olmaq istəyiriksə, birinci növbədə onların fikirlərini təmir etməliyik. Çünki, fikri sağlam olmayan insan nə bir idmançı, nə bir həkim, nə bir müəllim, nə bir hüquqşünas, nə bir mütəxəssis kimi sağlam ola bilər. Tək əldən səs çıxmaz! Bəzən çox əldən də səs çıxmır. Bu o deməkdir ki, həm əlimiz, həm ayağımız, həm də ruhumuz dayanmamalıdır. Əsas silahımız sevgidir. Sevgi hər kəsin başa düşdüyü dildir, hər kəsin bir birinə təqdim edəcəyi ən böyük hissdir. Biz də bu hissi paylaşmaq üçün “Gələcəyimizə Sığınaq” deyirik.”

“Gələcəyimizə Sığınaq” layihəsinin təqdimatında media nümayəndələri, ictimai xadimlər, tələbələr iştirak edib. Layihə çərçivəsində hazırlanmış müraciət videoları təqdim olunub. Həmçinin, görüləcək işlər üçün təkliflər və əməkdaşlıqlar müzakirə olunub.